Milli.Az aktyor və ssenarist Elməddin Cəfərovun Kult.az-a müsahibəsini təqdim edir:
- Elməddin bəy, ixtisasca tarixçi-filoloqsunuz. Bəs niyə aktyorluq?
- Uşaqlıq arzum olub. Bu ixtisaslar öz seçimim deyildi, valideynlərim məni bu sahələrdə - hüquqda-filan görmək istəyirdi. Onlara görə oxudum, amma öz sevdiyim işim arxasınca getdim. O işlər mənim ruhuma görə deyildi.
- "Bizim yumoristlər ciddi yumor bacarmır" deyirlər. Nədir ciddi yumor və necə olmalıdır?
- Əvvəldən onu deyim ki, "mən bir nömrə olum", "lider mənəm" kimi bir hədəfim, məqsədim yoxdur. Əgər ki, məsələn, məni bəyənmirlərsə, ciddi yumoru bacaranlar var, onları dinləsinlər, baxsınlar. Bayağı yumor məsələsinə gələndə isə razılaşıram. Bəli, indiki yumorun səviyyəsindən razı deyiləm. Mən sosial şəbəkələrdən istifadə etmirəm, amma başqa yerlərdə gördükcə pis oluram. O tiktokdakılar nədir elə? Elə yumor olar? O nə videolardır çəkirlər, hələ bir "mənə gül atın, şir atın" deyə də dilənirlər? "Ciddi yumor" deyənlər, yəqin ki, tənqidi yumoru nəzərdə tuturlar.
- Aha, ciddi yumor həm də odur, satira. Məsələn, siz satiradan istifadə edə bilirsinizmi?
- "Tək səbir" verilişində çox etmişəm, etmişik. O vaxt vəziyyət yaxşı deyildi axı, işığı da saatla verirdilər. Demək, bir dəfə işıq idarəsini tənqidi yumor etdim, çağırıb qonaqlıq verdilər, hələ dedilər, sən Allah, adımızı da çək. Elə danışdılar, güldülər ki, pərt oldum. Demə, tənqid də kar eləmirmiş. Qətiyyən narahat olmadılar. Sanki belə olmalı imiş. Guya düzəltdilər? Əvvəlkindən də pis oldu. O vaxt çox tənqidlər etmişik.
- Sənətin bir missiyası da düşündürməkdir, mesaj verməkdir. Elməddin Cəfərov düşündürürmü? Nə mesaj verir?
- Gözəl sualdır. Demək, xeyli film çəkmişik. Məsələn, "Xoxan", "Qaragöz". Filmlərimizin içində ən savadlı yumor, adamların "ciddi yumor" dedikləri məsələ "Qaragöz" filmində idi. Sizcə, ən az baxılan filmimiz hansı oldu? Əlbəttə ki, "Qaragöz". Bəs yaxşı, ciddi, səviyyəli yumor istəyənlər haradadır? Niyə bilet alaraq gəlib baxmadılar? Bilirsiniz nə qədər ziyan etdik? Bəs bizim işimiz budur da. İzləyici ciddi filmə dəstək olmayandan sonra nə edim? Üstəlik, gözləyirlər ki, Yutuba yerləşdirilsin, ondan sonra, pulsuz baxsınlar - heç onda da layk etmirlər, əvəzində başlayırlar tənqidə, daha doğrusu, təhqirə.
- Elməddin bəy, deyəsən, Cem Yılmazı da bəyənmirsiniz...
- Bəyənirəm, amma ilahiləşdirməyin tərəfdarı deyiləm. Cem Yılmazı başqa yerlərdə, heç Balkanlarda da bəyənmirlər, yumorist kimi qəbul etmirlər. Bizdə bir travma var. Türkiyədə bir şey çıxır, aha, ən möhtəşəm odur. Biri çıxır söyüşlə nəsə edir, danışır - aha, deyirlər, ondan yaxşısı yoxdur.
- Tək problem söyüşdür? Sənətdə bütün bunlar qəbul olunan deyilmi?
- Mən başqa cür böyümüşəm. Belə deyim, öz ailəmə göstərmək istəmədiklərimi başqasının ailəsinə göstərmərəm. Söyüşlə danışım ki, camaat daha çox gülsün - yox, mənlik deyil, edəni də həddi aşırsa, qəbul etmirəm. Bu, mənim düşüncəmdir. İkinci tərəfdən, çatdırmaq istədiyim bir məsələnin alternativi varsa, niyə söyüşdən istifadə edim? Axı bunu başqa formada da edə bilirəm, istedadım çatır. Yaxşı ki, bizdə efirdə söyüşə icazə yoxdur, yoxsa söyüş xətrinə söyəcəklər. Hər şeyin ifratına gedirik. Uşaqların telefonunda xarici tiktokerlərə baxıram, adamın ürəyi açılır. Biri skripka çalır, biri rəsm çəkir. Sadəcə öz işləri, bacarıqları ilə məşğuldurlar. Bizimkilərə baxırsan, heç nə də eləmir. Sadəcə oturub, qışqırır, söyür, gül, şir dilənir...
- "Bacanaqlar" serialınız bayağı deyil ki?
- "Bacanaqlar" serialı ölkədən qıraqda da baxılır, bəyənilir, sevilir. Bizi bayağı göstərən texniki məsələlərdir - geyimdən tutmuş işığa qədər. Bizim qarşımıza "Möhtəşəm yüz il"i çıxarırlar, müqayisə edirlər. Demək də olmur ki, "Bacanaqlar"ın büdcəsi cəmi 7 min idi, bəs, "Möhtəşəm yüz il"in? - nə az, nə çox, düz 93 milyon. Mən bu büdcənin qarşısında nə edə bilərəm? Mənə əvvəlcə pul ayrılsın, şərait yaradılsın, ondan sonra tələb eləsinlər də. Maşınımı satıb film çəkmişəm, biri evini satıb. Biz öz gücümüzə edirik.
- Belə çıxır ki, "Tək səbir", daha sonra "Planet Parni iz Baku"dan da pula görə ayrılmısınız?
- "Tək səbir"də komanda dağıldı. Mən o vaxt 70 manat maaş alırdım, 200 manat da kirayəyə pul verirdim. Hər ay evdən əlavə pul istəyirdim ki, kirayəni verə bilim. Ondan sonra başladım toylara getməyə, məclis aparmağa. Bu isə əzabdır. Sənətdən heç nə qalmırdı. Adamları güldürürsən ki, daha çox yeyib-içsinlər. Qıraqdan da baxanlar deyirlər, bayağıdır. Bizdə ac öləndə, deyirlər, niyə elə öldü, sənəti var idi, qazanardı, tox olanda da başqa söz deyirlər. Bəs nə edək?
- Elməddin bəy, təmsil olunduğunuz sahədə nədən narazısınız?
- Xüsusi bir narazılığım yoxdur. Bizdə ümumən özünü bəyənməzlik var, heç nədən razı qalmırıq. Biri deyir, yazıçılarımızı bəyənmirəm. Bunu demək faciədir. Hamısının üstündən xətt çəkirlər. Futbolumuzu bəyənmirik, amma "Qarabağ"ın etdiyini Qafqazda heç kim etmir. Müharibəyə qədər heç ordumuzu da bəyənmirdik. Nə etdiyi məlum. Mənim narazılığım bir az o ola bilər ki, heç bir dəstək görməmişəm.
- Layihələr təqdim etmisiniz aidiyyəti qurumlara və qəbul etməyiblər?
- O qədər eləmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbədə qarşılayıb dedilər ki, telefonu açıq saxla, əlaqə saxlayacağıq. Tədbirlər olur, ona belə çağırmırlar. Çağırılanlar da göz önündə. Yəqin, elə bilirlər, biz çox səviyyəsiz adamlarıq. Vallah, çoxundan qat-qat səviyyəliyəm, qoruduğum dəyərlər var, dövləti, milləti, vətəni sevirəm.
- Dövlət demiş, illərdir, fəaliyyət göstərirsiniz, amma sizə fəxri ad vermirlər. İncimirsiniz ki?
- Deyirəm ki, Mədəniyyət Nazirliyi qapıdan içəri buraxmır, fəxri ad verəcəklər? Kimsə bu ada təqdim etməlidir, ya yox? Yoxsa, rusdilli deyilik deyə? Görünür, onlar daha çox bu "sekta"ya yönəlirlər. Mənə cənab Prezident fəxri ad versə, təbii ki, xoş olar. Amma ora gedib çıxmaq üçün prosedur var və o da bəllidir. Mənim onlarla heç bir problemim yoxdur, bəyəndiyim işləri də var, sadəcə, vəziyyətin necə olduğunu deyirəm.
- Özünüzdən yaxşı kimsə varmı? Məsələn, Fərda Xudaverdiyev.
- Vallah, yenə deyirəm, mənim ən birinci olmaq iddiam yoxdur. Mən sadəcə, öz üzərimə düşən yükü qaldırmağa çalışıram, başqa heç nə. Ona görə də belə bir bölgüm yoxdur ki, filankəs pisdir, mən ondan daha yaxşıyam. Belə məsələlərə qiymət vermək tamaşaçının ixtiyarındadır. Ancaq mənim bəyəndiyim aktyorlar var.
- Məsələn?
- Rafael və Coşqun.
- Deyirlər, kitab da oxuyursunuz. Məsələn, niyə müasir yazıçıların əsərlərini ssenariləşdirmirsiniz?
- Tam səmimi deyirəm, hazırda heç nə çəkmək istəmirəm, bunun üçün maliyyə yoxdur.
- Elməddin bəy, hansı Sovet filminin adını çəkə bilərsiniz ki, onu klassik olduğuna görə hamı tərifləyir, amma əslində, o qədər də yaxşı film deyil?
- Ad çəkib, özümü güdaza verməyim, amma bir çox Sovet filmimizdə çatışmazlıqlar var. Hansı ki, o filmlər heç yazıldığı kimi də deyil. Ssenariyə baxırsan başqa, film başqa. Görürsən ki, əlavə qatqılar filmi pis günə qoyub.
- Xarici aktyorlardan kumiriniz Paolo Vilaggiodur. Bəs bizimkilərdən?
- Arif Quliyev. Düşünürəm, onu da yetəri qədər görmədilər, şərait yaratmadılar. Özünün həyat faciəsi də bir yandan. Amma o, çox istedadlı bir sənətkar idi. Allah rəhmət eləsin.
- Elməddin bəy, çəkilişdə qırmızı xəttiniz nədir?
- Dediyim məsələlər - özümə rəva bilmədiyimi başqasına rəva bilməmək.
- Məsələn, siz bir aktyor olaraq adi öpüşmə səhnəsinə də çəkilməzsiniz?
- Əgər doğrudan sənət olaraq tələb olunursa, situasiya odursa, olar. Yox, sadəcə, görüntü xətrinə, kadr olsun deyə öpüşmək, bu olur mənim qırmızı xəttim...
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun