Nigar Şabanova sözün həqiqi mənasında özünü başdan yaratmış xanım, tamaşaçılara maraqlı insan və peşəkar müğənnidir. Onun xanəndəliyi zorən seçdiyini yəqin çoxları bilmir.
Milli.Az bildirir ki, lent.az "Bioqrafiya" rubrikasında 29 yaşında Əməkdar artist adını almış xanəndə Nigar Şabanova haqqında məlumat verir.
- Nigar Şabanovanın neçə yaşı var?
Nigar Şabanova 35 yaşındadır.
- Nigar Şabanova neçə ildi səhnədədir?
Nigar Şabanova 2007-ci ildən "Xalq ulduzu" yarışmasından başlayıb. 2011-ci il muğam müsabiqəsində 3-cü yeri tutub. "Ondan sonra həyatım dəyişdi. Dövlət tədbirləri, xarici səfərlər, başqa abu-havaya düşmək, başqa insanlar, başqa aura, başqa kütlə... Həyatım muğam müsabiqəsindən sonra tam dəyişdi, min şükür!" - o deyib
- Nigar Şabanova ailəlidir?
Nigar Şabanova iki dəfə ailəli olub.
Birinci dəfə öz qohumu ilə evlənib. "Ailəm məni 15 yaşımda nişanladı. 16 yaşımda isə ailə qurdum. Qohum idi. O vaxtı anamıza deyə bilməzdik ki, mən bunu etmək istəmirəm. Yadımdadır ki, uşaq vaxtı həyətdə oynayanda, anam məni balkondan çağırdı və mən isə "nədir?" dedim. "Nədir" sözünün üstündə anam məni vurdu. Ailə qurduğum şəxs isə anamın dayısı nəvəsi idi və dayımın da qaynı idi. Dedilər ki, ona veririk, ona da gedəcəksən. Nişanlı vaxtlarımda belə onun kobudluğunu anlayıb deyirdim ki, nişanı qaytarıram. Dayımgil yığılıb üstümə gəldi ki, bizim nəslimizdə elə şey ola bilməz, sən nə edirsən? Olmaz olsun, oldu, ailə quruldu və heç bir il davam etmədi. Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzu etmirəm. Dayım ərimin bacısından ayrıldı. Onlar da gətirib məni verdilər. Acığa... Siz bizim qızı saxlamadınızsa, biz sizin qızı niyə saxlamalıyıq? Amma mənim heç bir günahım yox idi..." - o ilk ailəsi barədə belə deyib.
- Nigar Şabanova ikinci dəfə kiminlə ailə qurub?
O, ikinci dəfə ərə getməsini həyatının ən böyük səhvi hesab edir. Nigar Şabanova ikinci dəfə Xəyyam Qaragözov adlı bir hərbiçi ilə nikaha girib. Lakin bu ailə həyatı da uzun sürməyib.
"Həyatımın ən böyük səhvi ailə qurmağım oldu. Bu, özümə bağışlamayacağım bir səhvdir. Çünki həyat təcrübəsi ola-ola mənim o yaşda səhv eləyib, imansızı imana gətirə biləcəyimə inanmağımı özümü bağışlamayacağam. Bunu bir ömür boyu unutmayacam.
Bu gün xoşbəxtəm, amma nə qədər xoşbəxt olsam belə, ikinci dəfə ki, o adı, damğanı özümə bağışlmayacağam. İnsanlar sosial şəbəkədə haqqımda xoşagəlməz fikirlər yazırlar ki, nə oldu, ikinci dəfə də evliliyi alınmadı və s...
Ümumiyyətlə, həyatımda baş verən o hadisələrlə bağlı heç bir şey danışmaq istəmirəm. Sadəcə bir kəlmə deyəcəyəm, həyatımda elə şeylər yaşadım ki, özümdən utanıram dilə gətirib nələrsə danışmağa. İkinci dəfə həyatımın dağılmağının günahkarı mən deyiləm. Çünki mən bir il zülmə dözmüşəm. Hər şeydə də qadını günahlandırmaq olmaz. Əgər qarşı tərəf o peşənin sahibidirsə, deməli, o ideal insandır. O yalnız peşəsinin idealı ola bilər" - deyə o bildirib.
- Nigar Şabanova nəyə pul xərcləyir?
Nigar Şabanova bahalı avtomobillərə və zərgərlik məmulatlarına pul xərclədiyini bildirib.
- Nigar Şabanova toylara gedir?
Bu suala o belə cavab verib: "Əlbəttə gedirəm. Bəzən deyirlər fəxri ad aldınsa toya getməməlisən. Azərbaycanda bu sənətin gəliri başqa yerdən yoxdur".
- Nigar Şabanovanın övladı var?
O qardaşının qızı Nəfəsi övladlığa götürüb. "Ana olandan sonra çox dəyişdim. Qadını nə sevgi, nə ər dəyişər, amma analıq hissi dəyişər" deyib.
- Nigar Şabanova plastik əməliyyat etdirib?
Nigar Şabanova dəfələrlə plastik əməliyyat etdirib və bunu gizli saxlamır. O bədənşəkilləndirmə, dodaq, burun, yanaq, çənə əməliyyatları etdirib. Elə buna görə məqaləmizin əvəlində onu özünü başdan yaradan qadın adlandırdıq.
- Nigar Şabanova niyə xanəndəliyi seçib?
Nigar Şabanova əslində xanəndə yox, estrada müğənnisi olmaq istəyib.
"Anam müğənni olmağıma qətiyyən razı deyildi. Məktəb tədbirlərində oxuduğumu eşidib məni cəzalandırmışdı.
Mən babama şikayət etdim ki, anam mənim oxumağıma icazə vermir. O da söylədi ki, bir şərtlə sənə icazə verərik ki, əgər sən Səkinə İsmayılova kimi qolu uzun geyinəcəksən, ədəb və ərkanla, əlində qavalla xanəndə olacaqsan. Uşaq vaxtı heç muğamı dərk etmirdim. Rus mahnılarına meyl edirdim. Heç muğam oxumağı istəmirdim. Amma yaxşı ki, muğam oxumuşam və böyüklərin sözünü dinləmişəm. Sonradan valideynlərim məni Xalq artisti Siyavuş Kərimlinin yanına gətirdilər.
Bir müddətdən sonra Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada dəyərli ustadım Qəzənfər Abbasov oldu" ,- deyə o qeyd edib.
- Nigar Şabanova müəllimi Mələkxanım Eyyubova ilə küsülüdür?
Nigar Şabanova Mələkxanım Eyyubova ilə barışsa da münasibətləri yoxdur.
İllər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyyubovadan söz açan sənətçi bildirib ki, barışsalar da lakin aralarındakı buzlar hələ də əriməyib.
Nigar bir dəfə bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyyubova "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi" deməklə tərəflər arasında qalmaqal yaşanmışdı.
- Nigar Şabanova toylara neçəyə gedir?
Nigar Şabanova həm Bakıda, həm bölgələrdə toy şənliklərinə qatılır. Tək oxumaq üçün 5 min manat qonorar tələb edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun