O, gitaranı Azərbaycana sevdirən adamdır. Bir az ağıllı, bir az dəli. "Rəmiş kimdi?" sualı veriləndə birmənalı cavab vermək çətindir.
Milli.Az lent.az-a istinadən Xalq artisti, gitara ustası Rəmiş haqqında məlumatları təqdim edir:
- Rəmişin əsl adı nədir?
Onun əsl adı Rafiq Hüseynovdur. Niyə Rəmiş adını daşıyır sualına isə bir müsahibəsində belə cavab verib:
"Onu, bunu bilmirəm. Bir onu bilirəm ki, nə qədər istəsəniz Rafiq var. Amma bircə Rəmişiniz var, özü öz qədrini bilmədi, barı siz bilin. Bir dəfə Hollandiyada yaşayan azərbaycanlılardan Ağdama gəlmişdilər ki, mənim haqqımda film çəksinlər. Bir az çəkildim, sonra dəliliyim tutdu, qaçdım onlardan. Amma bir sözləri mənə təsir etdi. Dedilər ki, qoruyun türk dünyasının tək Rəmişini. Nə var bir adamın nazıyla oynamağa. Bilirəm çətin adamam".
- Rəmiş harada və nə zaman anadan olub?
O, 1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub.
- Rəmişin musiqi təhsili var?
Rəmiş ilk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alıb.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərində peşəkar şəkildə ifa edə bilirdi. Başqa musiqi təhsili almayıb. Bu barədə söz düşəndə maraqlı bir xatirə danışıb:
"Volqoqrad şəhərinə getmişdik. Musiqiçilərin yarım saatlıq pullarını verib xahiş etdik ki, gitaranı mənə versinlər bir neçə musiqi ifa edim. Bir neçə Azərbaycan və Avropa xalqlarının musiqisini ifa etdim. Bir nəfər bizim stola yaxınlaşıb harada təhsil aldığımı soruşdu. Dedim ki, qarabağlıyam. Başa düşmədi. Anlatdım ki, Bakı, Azərbaycan. Tərcüməçi başa saldı ki, bu İtaliyadan gəlmiş qonaqdır, sən gitarada çalarkən bu həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı deyib ki, sən Neapol Musiqi Akademiyasının yetirməsisən. O hadisə heç vaxt yadımdan çıxmır. Sən deyən yüksək musiqi ixtisasım yoxdur".
- Rəmiş neçə dəfə ailə qurub?
Rəmiş üç dəfə ailə həyatı qurub. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır.
- Rəmiş gitara çalmağa necə başlayıb?
Bu sualın cavabını da o maraqlı şəkildə verib:
"Tar çalmağa həvəsim olub. Lakin dolanmaq da lazımdır. Gördüm ki, bizi toya aparan musiqiçilər tara, qoşa nağara kimi yarım pay bölürlər. Mən də onların acığına pulu özüm bölmək üçün toylara gitaraçı kimi getdim. Lovğalıq olmasın, özümdən sonra bir məktəb yaratdım. Beləliklə, gitaraya elə bağlandım ki, qollarımı onsuz təsəvvür edə bilmirəm. Məndən sonra çoxları gitaraya meyl etdi, çala bildi, bilmədi, demirəm, amma heç kim Rəmiş olmadı və ola da bilməyəcək".
- Rəmişin ölümündən sonra onun gitarası kimə qalıb?
Bu suala da özü ninün dilindən cavab verək:
"Mənim indiyədək özümün heç gitaram da olmayıb. Onunkunu, bununkunu alıb toylara getmişəm. Pulum qurtaranda da dəyər-dəyməzinə satmışam gedib. Bir sözlə ürəyim necə istəyibsə, eləcə də yaşamışam. Bu olar, bu olmaz bilməmişəm".
- Rəmiş narkotik istifadəçisi olub?
Bəli. Ömrünün sonuna qədər narkotik maddə istifadəçisi olub və buna görə çox maddi itkilərlə üzləşib. "Mənim həyatımı o puç etdi. Ailə yox, ev yox, var-dövlət yox. Hamısına bais o zəhrimardır. Lakin bir onunla təsəlli tapıram ki, Rəmiş sənəti qalacaq bu dünyada" deyərmiş.
- Rəmişin dini inancı var idi?
Deyirmiş ki, kafir deyiləm, inanıram: "Lakin inanın ki, ən çox inandığım, barmaqlarımdır. Mənim inamım da, varım-yoxum da, Məkkə-Mədinəm də gitaramın simləridir".
- Rəmiş nə zaman fəxri ad alıb?
2008-ci ildə Əməkdar artist , 2014-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
- Rəmiş hansı sənətkarları müşayiət edib?
Rəmiş məclislərdə Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu gitarada müşayiət edib.
- Rəmiş nə zaman vəfat edib?
Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətkar "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
- Rəmiş və xanəndə Qədir Rüstəmov bir-birlərindən küsülü olub?
Xeyr. Əksinə onlar dost olublar. Qədir Rüstəmovun sənət aləminə gəlməsinə Rəmiş səbəb olub.
O bu barədə bir müsahibəsində belə danışmışdı: "Qədirlə bir yerdə çox toylarda çalmışam. Kimi dindirirsən deyir ki, Qədirlə Rəmiş yola getmir. Niyə, nə şərikli malımız var ki, bölə bilməyək? Başına döndüyüm Azərbaycanın musiqi dəryasından bir parç o götürüb, birin də mən. Qədiri ilk dəfə rəhmətlik Əhsən Dadaşovun yanına mən aparmışam. Dedim, Əhsən müəllim, bu oğlanın səsini yoxla. Düzü əvvəl rəhmətlik inamsız yanaşdı Qədirə.
Qədir də tükü-tükdən seçən həssas adam. Üç dəfə ansambla ayaq verdi, Qədir oxumadı. Əhsən müəllim fasilə verib "Şur" üstə tarda özü üçün elə-belə gəzişdi. Birdən Qədir başladı, nə başladı. İçəri girdim ki, qəbri nurla dolmuş gözəl kişi, müqəddəs kişi dəsmalın gözünə sıxıb hönkür-hönkür ağlayır. Dedi, a bala, bu insan səsi deyil, ilahi bir şeydir".
- Rəmiş kasıb olub?
Yox. O sadəcə pulunun qədrini bilməyib. Bu barədə özü belə deyirdi: "Məni bir gündə min manat pul girləmir. Neyləyim, mən də belə bədbəxtəm. Pulsuzlayanda Ağdamdan oturmuşam maşına, getmişəm Bakıda böyük qardaşım Vaqifdən üç yüz manat pul alıb onun iki yüzün maşına vermişəm. Bir adama ağız açmamışam, hamı elə bilib ki, milyonlarım var. Nə özümün qədrini bilmişəm, nə də qazandığımın. Yekəlik olmasın, əlimə düşəni yığsaydım bir məmləkəti saxlayardım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun