Rəsulzadə haqda film iki ölkədə nümayiş etdirildi

Rəsulzadə haqda film iki ölkədə nümayiş etdirildi

Görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə haqda lentə alınan “Ən səmimi sevgi ilə” iki ölkədə nümayiş etdirilib.

OLAY yazır ki, layihə 28 may Müstəqillik günü münasibətilə 25 mayda Macarıstanın Budapeşt şəhərində göstərilib. Daha sonra 27 mayda Eskişehirin Anadolu Universitetində təqdim olunub.

Qeyd edək ki, sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur. Layihənin müəllifi AzTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.