“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı

“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı

Türkiyənin "Kızılcık Şerbeti" serialında Işıl obrazını canlandıran aktrisa Ece İrtemin 35 yaşında vəfat etməsi sənət aləmində müzakirələrə səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın prodüseri Faruk Turgutun aktrisanın dəfn mərasimində iştirak etməməsi ilə bağlı açıqlaması isə diqqət çəkib.

Turgut qatıldığı YouTube proqramında Ece İrtemlə bağlı sualları cavablandırıb. O, aktrisanın ölüm xəbərinə üzüldüyünü bildirib, lakin dəfn mərasiminə qatılmaq üçün aralarında kifayət qədər yaxın münasibət olmadığını söyləyib.

"Getməyimi tələb edəcək qədər yaxın münasibətimizin olduğunu düşünmədim", - deyə prodüser bildirib.

Faruk Turgut Ece İrtemlə təxminən bir il birlikdə çalışdıqlarını xatırladaraq onun peşəkarlığını yüksək qiymətləndirib. Aktrisanın çəkiliş meydançasında intizamlı olduğunu və serialda uğurlu obraz yaratdığını vurğulayıb.

"Əlbəttə, üzüldüm. Gənc yaşda vəfat etdi. Allah ailəsinə səbir versin. Bizimlə də bir ilə yaxın çalışdı. Çox yaxşı idi, çəkiliş meydançasında intizamlı davranırdı və gözəl bir obraz yaratmışdı", - deyə Turgut qeyd edib.

Proqram zamanı prodüserə serialın yaradıcı heyətindən heç kimin dəfn mərasimində iştirak etmədiyi barədə də sual ünvanlanıb. O, bu məsələyə münasibət bildirərkən "Vəfa harada var ki?" ifadəsini işlədib.

Turgut mərasimin Kuşadasında keçirilməsinin də iştirak imkanlarını çətinləşdirmiş ola biləcəyini deyib. Onun sözlərinə görə, dəfn mərasimi İstanbulda təşkil olunsaydı, çəkiliş heyətindən bəzi şəxslər orada iştirak edə bilərdi.

Prodüser, həmçinin, mərasimə yalnız kameralara görünmək məqsədilə getməyi mənasız hesab etdiyini vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az