Türkiyənin məşhur ekran işi "Yeraltı" serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunla bir saat şam yeməyi yemək istəyən ərəb şeyxinin 2,5 milyon dollarlıq təklifini qəbul edərək Dubaya getdiyi iddia olunub.
Məsələ ilə bağlı aktrisanın menecerliyini edən agentlik rəsmi açıqlama yayaraq iddiaları təkzib edib: "Aktrisamız Devrim Özkan qlobal bir brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında mətbuatda və sosial mediada yer alan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti şəkildə təkzib edir və qınayırıq".
Agentliyin açıqlamasını sosial şəbəkə hesabında paylaşan D.Özkan isə iddiaları yayanları məhkəmə ilə hədələyib: "Mən də bunu əlavə edim. Məncə, o xəbərləri yazmağa davam edin ki, bəhs etdiyiniz məbləği sizdən alıb klinika borcu olan heyvansevərlərin borclarını bağlayım. Vəkilimlə birlikdə əlimizdəki 100-dən çox ekran görüntüsü ilə ədalət qarşısında hesablaşacağıq. Siz məni şərləməyə davam edin".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
























