Həyatı şirin çay kimi olmasa da, o, mənim yadımda həm də sadə bir şirin çayla qalıb...
İl 2019. Nigar Camal və Aygün Bəylərin "Nəfəsim, qəlbim" mahnısının klip çəkilişi üçün Lənkərana getmişdik. Hava yağışlı olduğundan həmin günü seçdiyimiz məkanda çəkiliş edə bilmədik. Məcbur qalıb başqa məkanların axtarışına çıxdıq.
Dərə-təpə düz getdik, Astarada meşəlik bir ərazinin içinə girməli olduq. 4-5 maşın adam tökülüşdük əraziyə...
Meşəliyin ortasında kiçik bir restoran var idi. El dili ilə desək "cтоловый"... Bir orta yaşlı xanım Aygün xanımı görən kimi üzündə sevinc və fərəh hissi ilə onu qarşıladı. Yaxınlıqda bişən təndir çörəyinin qoxusu insanı bihuş edirdi. Aygün xanım isə o təndir çörəyinin qoxusu qədər səmimi idi.
Uzun axtarış etmişdik deyə, istər-istəməz hamımız acmışdıq. Hər vəchlə onun qayğısına qalmaq istəyirdim. Yaxınlaşıb, "Aygün xanım, sizin üçün nə sifariş verək? Nə yemək istəyirsiniz?", - deyə, soruşdum.
Özünəməxsus səs tembri və ləhcəsiylə "Bir dənə pendir və şirin çay olsa, bilirsən təndir çörəyi ilə nə gözəl olar" dedi. Tez məkanın işçilərindən xahiş etdim ki, o, nə istəyirsə, təşkil etsinlər... Hər kəs ət, kabab sifariş verdi, o, isə şirin çay...
Aygün xanım bizdən çox şey istəyə bilərdi, lakin o, bütün böyüklüyü, eyni zamanda sadəliyi ilə sadəcə şirin çayı seçmişdi.
Çünki Aygün Bəylər bu idi - xalqın içindən, eyni səmimilikdə, özünü heç kimdən üstün görməyən. Əsəbləşəndə də xalqdan biri idi, kövrələndə də, danışıb-güləndə də...
Pərakəndə uşaqlığımın sınıq-salxaq xatirələrində yer tutan "Tut ağacı" həmin anlar mənim üçün adi bir mahnıdan başqa bir şey təşkil etməsə də, zamanla Aygün Bəylərin nə demək istədiyini anladım.
Onun ömrü də bir tut ağacı idi. Necə çarpaz dağ çəkildiyini, neçə budağının əzildiyini özü, bir də çox yaxınları bilirdi. Dərdlərini də gizlədirdi, xəstəliyini də. Kimsə də onun qəlbinə dəymək istəmirdi.
Tut ağacı qurudu, qolu-qanadı sındı... Yoxluğu da buz oldu yanağımızda, həm də Azərbaycan incəsənətinin yanağında...
Allah rəhmət eləsin!
Pərviz Hüseyn