Ən böyük arzusuna çatmadı, bu dünyadan incik getdi: Flora Kərimova ondan nə xahiş edirmiş? - FOTOlar

Ən böyük arzusuna çatmadı, bu dünyadan incik getdi: Flora Kərimova ondan nə xahiş edirmiş? - FOTOlar

Mahnılarını ən məşhur müğənnilər ifa edən, ən böyük arzusuna çatmayan, bu dünyadan incik gedən təkrarsız və bənzərsiz Elza İbrahimova. Bu gün sənətkarın anadan olmasından 86 il keçir.

Milli.Az publika.az-a istinadən Elza İbrahimovanı bu yazı ilə yad edir.

O çağlar necədə mənə haydılar,

Könlümə, gözümə şəfəq yaydılar

Ötən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim...

Əgər adi, sıradan bir müğənni belə onun hər hansı mahnısını ifa etsəydi, şəksiz ki, yenə də böyül uğur qazanardı. Çünki Elza İbvrahimova bəstələri ayrı bir dünya idi, fərqli bir ruh, ürək idi. Bir qadın ancaq bu qədər mükəmməl şəkildə daxili hiss və duyğularını incə, həssas, gözəl təqdim edə bilərdi. Kim bilir, bəlkə də ona bu gücü verən həm də yaşadıqları idi. Nələr arzulayırdı, nələri yaşadı... Onun bəstələrində dünən də var, bu gün də, sabah da. Bu da bir Elza İbrahimova fərqliliyi idi.

Elza İbrahimova 1938-ci il, yanvarın 10-da anadan olub. Kiçik yaşlarından musiqiyə həvəsini və istedadını görən valideynləri onu 8 saylı musiqi məktəbinə qoyurlar. Sonra Asəf Zeynallı adına musiqi məktəbini, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alır. Onun diplom işini Qara Qarayev, Niyazi kimi sənətkarlar qiymətləndirir.

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm

Ey Vətən...

Bir anamdan,

bir də səndən

bu dünyada

doya bilmirəm

Ey Vətən!..

24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qurur xanım bəstəkar. Lakin bu evlilik həyatı çox qısa və uğursuz olur. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Balaca Zəhranın 1 yaşı belə tamam olmadan atası onu və anasını heç bir səbəb göstərmədən birdəfəlik tərk edir. Heç vaxt qızı ilə maarqlanmır. Yaşadığı layiq olmadığı uğursuz ailə həyatından sonra Elza xanım ömrünü yalnız qızına həsr edir, bir daha ailə həyatı qurmur.

Eşqimiz elə bu qədərmiş

Məhəbbər qurbətə gedərmiş?

Bilməzdim, bilməzdim, bilməzdim...

Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza İbrahimova heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta deyilənə görə onun bir qızıl üzüyü belə olmayıb.Yaxşı plov və borş bişirərmiş. Flora Kərimova həmişə onlara gedəndə ondan borş bişirməyi xahiş edərmiş. Elza İbrahimova mahnılarının əksəriyyətini də elə məhz Flora Kərimova üçün yazıb.

Nəğmə dolu bir dünyama göz açmışdı o gözlər

Bir ömürlük məhəbbətdən söz açmışdı o gözlər

Niyə birdən yoxa çıxdı o bəxtəvər gülüşlər

Niyə məni belə yıxdı o bəxtəvər gülüşlər

Elza İbrahimova Tanqo ritmini Azərbaycan estradasına gətirən ilk xanım bəstəkardır və 11 tanqonun müəllifidir. Akif İslamzadənin ifasında "Qurban verərdim" mahnısı bunun ən bariz nümunəsidir.

O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim

Elza İbrahimovanın ən çox bir yerdə çalışdığı şair Ramiz Heydər olub. Belə ki, İbrahimova şairin 300-ə yaxın şeirinə mahnı bəstələyib. Ən çox iki bəstəsini xüsusi sevib: Rəşid Behbudovun ifasında "Ey vətən" və Flora Kərimovanın ifasında "Bilməzdim". Elza xanım Üzeyir Hacıbəyovdan sonra muğam əsasında opera yazan ikinci bəstəkardır. Ən böyük arzusu "Yanan laylalar" operasını səhnədə görmək olsa da, arzusuna çata bilməyib. Bu opera Qarabağ faciəsindən bəhs edirdi. Yanan laylaların" səhnələşdirilməsi haqqında Mədəniyyət Nazirliyinin 1993-cü il qərarı bəstəkarın qardaşı Çingiz İbrahimovun dediyimi kimi, "arxivdə toz basıb". Özü də müsahibələrinin birində deyib ki, ağlıma belə gəlməzdi ki, bu əsər uğrunda 20 il mübarizə aparacam.

Yanağımda göz yaşlarım

Düzülübdür gilə-gilə,

Gözləyirəm, sən siləsən,

Yoxluğunu bilə-bilə...

Uzun illər şəxsi evi olmayan Elza İbrahimovaya ömrünün sonlarında verilən evdə yaşamaq qismət olmayıb. 2008-ci ildə Elza İbrahimovanın 70 yaşı olanda Xalq artisti fəxri adı ilə təltif olunub. Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Ömrünün son bir ayından isə yemək-içməkdən imtina edib. 2012- ci ildə uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

Gül açar, dünya gülər

Aləmə nur tökülər

Sən yadıma düşəndə.

Elza İbrahimova unudulmaz mahnıların unudulmaz bəstəkarı kimi adını Azərbaycan musiqi tariximizə əbədi həkk edib. Musiqisinin sehri isə bu gün olduğu kimi sabah da insanları ovsunlayacaq. Ona "Qayıt" desək də, mərhum bəstəkar əbədi olaraq getdiyi yerdən qayıtmayacaq. Onu yaşadan, var edən ölməz mahnılarının ən böyük ifasıdır. Yazdığı misilsiz bəstələr hər dəfə səslənəndə, Elza İbrahimova da yada düşəcək. Elə bu da bir ömrün davamıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun