Milli.Az bildirir ki, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atasının ildönümündə Moderator.az-ın suallarını cavablandırıb.
-Şəfəq xanım, bu gün bizim sevimli sənətkarımız, sizin isə atanız Ramiz Novruzun tamaşaçılardan, sevənlərindən əbədi ayrılığının birinci ildönümüdür.. Bu bir il ərzində həyatınızda nələr dəyişdi?
-Atamın yoxluğundan sonra çox əziyyət çəkdik. Həmçinin də ailə olaraq bir-birimizə daha çox bağlandıq. Bir-birimizin dəyərini daha çox bilməyə başladıq. Onsuz çox çətindir. Bizim üçün artıq bayramların, ad günlərinin bir anlamı qalmayıb. Bu bir il ərzində mən də, qızım da işimizdən soyuduq. Atamın ilinə 3-5 ay qalmış toparlanmağa çalışdıq. Onun bir neçə arzusu var idi. Tam vəsiyyət edə bilmədi. Amma mən bilirdim ki, bu onun istəkləri idi. İstər mənim iş, ailə həyatımla bağlı, istərsə də qardaşımın ailə həyatı ilə bağlı. Onun istəklərini mən həyata keçirdim. O sağ ikən mənə məsləhət verirdi, etmirdim. Qardaşımdan istədiyi tələblər var idi, hansı ki, sağlığında o da etmirdi. Mən öz gücümlə, bir ailə başçısı olaraq bütün bunlara nöqtə qoydum və onun bütün istəklərini yerinə yetirdim. Əminəm ki, onun ruhu bu gün şaddır.
-Bilirəm ki, ailəsinə, övladlarına, nəvələrinə çox bağlı idi. Hansı xatirələrlə onu bu gün yad edirsiniz?
-Həqiqətən də hamımıza bağlı idi. Gülərüz, eyni anda cürbəcür mimikya düşən bir insan, gözəl ata, gözəl dost, sirdaş idi. Mənə məsləhət verirdi ki, özünü çox yorma, öldürmə, hər şeyin var, heç nəyin arxasınca qaçma. Dünyanın ən ürəyitəmiz, gözütox insanı və atası idi.
-Xüsusilə də qızlar atalarına bağlı olur.. Onlar üçün ataları qəhrəmanları sayılır.. Sizə məsləhət verəndə, tövsiyyə edəndə hansı nüansları xüsusi qeyd edirdi?
-Mən atama çox bağlı idim. Atam mənimlə həm də dost idi. Heç vaxt anama deyə bilmədiyim sözləri atama deyirdim. Hər zaman da o məni başa düşüb. Hansısa çətinliyə düşəndə, şəxsi həyatımda etdiyim səhvə görə heç vaxt məni qınamırdı. O başa düşürdü ki, mən bu addımı bilərəkdən yox, məsumluğumdan, inandığımdan atmışam. Deyirdi ki, işinin birincisi ol. Ya ol, ya da olma. O özü də həyatda bu missiya ilə yaşayıb. Buna görə də həmişə mənimlə fəxr edirdi, uğurlarıma sevinirdi.
-Heç o da sevməzdi ki, övladları onun məşhurluğunun kölgəsində qalsın.. Ona görə də sizləri nadir hallarda birlikdə efirlərdə görürdük. Amma bununla belə yenə də sizlərin onun sayəsində məşhurlaşdığını deyənlər də olurdu. Atanız həmin insanlara nə cavab verirdi?
-Atam heç vaxt sevməzdi ki, ona desinlər ki, övladlarınız sizin sayənizdə məşhurlaşıb. O özü də deyirdi ki, "əvvəl hara gedirdimsə deyirdilər ki, Ramiz Novruzun qızı Şəfəq, indi isə əksinə, deyirlər ki, Şəfəq Novruzun atası Ramiz Novruz". Lap belə Ramiz Novruzun sayəsində məşhur olmuşuq. Mən bununla yalnız fəxr edə bilərəm. Atam çox gözəl bilirdi ki, mənim hər bir sahədə istedadım var. Bu bizim qanımızdadır. Sənət mənə bu yolla verilib. Həmçinin də Cavidana. Valideynləri aktyor olanlar var ki, heç məşhur ola bilməyiblər. Bu da bir şansdır.
-Atanızı itirəndən sonra bir daha nəyə əmin oldunuz?
-Mən əslində heç kimdən nəyə görəsə incimərəm. Çünki indi elə bir zəmanədə yaşayırıq ki, hər kəsin öz problemi, dərdi var. Mən bir şeyi gördüm ki, insanlar acını başa düşmür. Əgər mən bu gün stresliyəmsə, gülüb-danışmıramsa, fikirli olub kiminsə yanından salam vermədən keçirəmsə insanlar bir şeyi başa düşməlidirlər ki, bu insanın dərdi var, acısı var. Dəstək olmaq əvəzinə insanın üstünə-üstünə gəlirlər. Xoşagəlməz çox şeylər gördüm. Çörək verdiklərim, əmək sərf etdiklərim acımı başa düşmədilər. Bu kimi çox şeylər yaşadım. İnsanlardan mənəvi dəstək görmək istəyirdim. Atamdan sonra mənim heç bir kəsim, heç dostum da yoxdur. 2-3 insan oldu ki, məni başa düşdü.. Hansı ki, başımı çiyinlərinə qoyub ağladım və mənə mənəvi dəstək oldular.
-Ananız müsahibələrindən birində evə o illərdə anonim zənglərin gəldiyini bildirib.. Kimlər idi bu saf sevgi, möhkəm sütunlar üzərində qurulan ailəni söz-söhbət üzərindən dağıtmaq istəyənlər?
-Anamın o müsahibəsini izləmişəm. Sözün düzü bizim ailəmizdə qısqanclıq üstündə söz-söhbət, dava-dalaş olmayıb. Mən bu şeyləri bilmirəm və görməmişəm. Bu hadisəni anamın dilindən eşidəndə təəccübləndim. Bu haqda bir söz deyə bilmərəm. Atam hər zaman anamı uca tutub, onun üçün dünyanın ən gözəl qadını anam olub. Anam da heç bir zaman atamın işinə qarışmayıb. Atamın kaprizləri var idi, ailə içində. Anam onların öhdəsindən gəlirdi. Atam o kaprizləri heç kimə yox, təkcə anama göstərirdi.
-Xəstəlik xəbərini alanda özünüzə necə təsəlli verdiniz?
-Atamın xərçəng olduğu xəbərini eşidəndə mən heç cür inana bilmədim. Çünki atamı çox əhval-ruhiyyəli, pozitiv, iştahlı görürdüm. Heç kəs inanmazdı ki, Ramiz Novruzda belə bir xəstəlik ola bilər. Bu bizim üçün şok xəbər oldu. Sadəcə mədəsi bir az qıcıqlanmışdı, yoxlanışa gedəndə demişdilər ki, metastaz verib. Bunu anama demişdilər. Anam da gizlətdi. Sonradan-sonraya rəfiqəmə deyib, rəfiqəm də mənə bildirib. Pilləkəndən düşürdüm, o an zəng gəldi. Bütün bədənim boşaldı.. Pilləkənlərdə oturdum. Xəstəliyin adı ağırdır. Mən yenə də cənab prezidentimizə, Mehriban xanıma təşəkkür edirəm ki, atamın xəstəliyinə biganə qalmadılar. Atamı dəyərli tutdular. Heç bir vəsiyyəti olmadı. Çünki son dəqiqəyə qədər həyatdan köçməsinə inanmırdı. Ümid edirdi ki, sağalacaq. Son illər həyət evi istəyirdi. Çalışırdım ki, bunu onun üçün edim, amma bəzi səbəblərə görə yarım qaldı. Onu xoşbəxt etmək istəyirdim. Bu gün atam yoxdur deyə heç o istək də qalmayıb. Onun arzusu-istəyi o idi ki, balaları xoşbəxt yaşasın. Cavidanın hər zaman işi-gücü yaxşı olub. Qardaşım Nərimanın da çox şükür işi əladır. Şəxsi həyatına çəki-düzən verdik. Çox şükür indi hər şey əladır. Bu gün tək mən səssiz-səssiz ağlamıram. Qızım Ayan da ağlayır. Çünki Ayan onu özünə ata bilib. Bu bir il ərzində bir gün olmayıb ki, atamın adı dilimizdən düşsün. Səhər açılan kimi ilk atamı fikirləşirəm. Həmişə fikrimizdə, qəlbimizdə, hər sözümüzün axırında, əvvəlində atamın adı var. Ağlamamaq əlimizdə deyil. O bizim göz yaşlarımızı görmək istəməzdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun