Məşhurlar qocalmaqdan niyə qorxurlar?

Məşhurlar qocalmaqdan niyə qorxurlar?

Son dövrlər insanlar cavanlaşma üsullarına baş vururlar. Bu gün kosmetoloq qapısında növbə tutan qadınlar, üzünü gərdirən, botoks etdirən kişilər bu kateqoriyaya daxildir. 

Xüsusən də məşhurlar bu yolda xeyli əmək sərf edirlər. 

Bəs görəsən, bu nə ilə bağlıdır? Niyə müəyyən yaşdan sonra məşhurlar yaşlılığı qəbul etmir, ona qarşı dirənir, mübarizə aparır? 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bunun altında müxtəlif psixoloji səbəblərin yatdığını deyib:

"Bu sualın cavabı bütün yaş kateqoriyasını maraqlandırır. Çünki yeniyetmə özgüvənsizliyi ilə 40-45, 50-55 yaş arası insanların güvənsizliyi oxşardır. Bəzən insan arıq olur, sonra kökəlir və gözəl göründüyünü hiss edir, ona özgüvən gəlir, bundan sonra o, bir daha yeniyetməlik dövründəki kimi arıq olmaq istəmir. Özünü olduğu kimi qəbullanır. Bax, bu insanlar güclü insanlardır. 

Bəzən yeniyetmələr ən yaxınları ilə belə şəkil çəkdirməkdən imtina edir ki, üzündə sızanaq var, burnumu düzəltdirim sonra çəkdirərik. Amma insan şüuraltında əziyyət çəkdiyi kompleksləri müalicə etdirməyi düşünmür. Bu gün 2 ay kurs keçmiş qeyri-peşəkar kosmetoloqlar da insanları daha da pis vəziyyətə salır. Bəzən kosmetoloq yanından çıxdıqdan sonra qadınların dodağında əyilmələr yaranır, sonradan bunu həmin kosmetoloqa başa salmaq istəsələr belə bu. Mümkün olmur, onlar minbir bəhanə gətirərək deyirlər ki, yox, sənin dodağında elə əvvəldən asimmetriya var idi. Bu kosmetoloqlar insanları bir növ ovsunlayırlar, bəzən endirim edirlər, amma istifadə edilən preparat eynidir ya yox bilinmir".

Onun sözlərinə görə, görünüşünü davamlı olaraq kompleksə çevirən şəxslər mütləq psixoloqa gedərək şüuraltını təmizləməli və özlərini sevməlidirlər:

"İnsanlar əvvəlcə psixoloqun yanına gedib şüuraltında olanları üzə çıxarmadan, özünü olduğu kimi qəbul etməyi bacarmadan, birbaşa kosmetoloq yanına gedirlər. Amma nəzərə almırlar ki, şüuraltı eyni qalır. Həmin kosmetoloq çox gözəl iş görə belə, sabah şəxs yenə özünü bəyənməyəcək, özündə yenə müxtəlif qüsurlar axtarmağa başlayacaq, bəhanələr gətirəcək. Çünki insanın şüuraltı təmiz deyil. Kosmetoloqların bəzisi də bunu görür və pasiyentlərin özgüvənsizliyindən istifadə edərək deyir ki, gəl 1000-1500 manat ver filan proseduru edək, bu sənə lazımdır və s.  

Həyatda nəyisə əldə edə bilməyən insanlar həmişə özlərini xarici olaraq dəyişməyə meyilli olurlar, düşünürlər ki, bəlkə bundan sonra diqqət cəzb edərəm. Sonradan daha da ağırlaşmış fəsadlarla ən sonda psixoloqlara müraciət edirlər.

Necə ki, sidikqaçırmadan əziyyət çəkən qadınlar əvvəlcə ginekoloqa üz tutub  birinci yoxlanıb bilmir ki, bəlkə uşaqlıq boynunda sallanma var. Qaçırlar "psixoloqların" yanına, onlar da pasiyentdən müxtəlif yüksək məbləğli ödəniş alırlar, amma kömək edə bilmirlər. Sonradan ağlaya-ağlaya peşəkar psixoloqun yanına gəlirlər. Peşəkar psixoloq isə dərhal bu qadına deyir ki, əvvəlcə ginekoloq qəbuluna get, burda psixoloji bir məqam yoxdur. Bəzən nevroloji məqamlar olur, hər şey bir-biri ilə bağlıdır. Kompleks şəklində nəyəsə müdaxilə etmək daha yaxşıdır, nəinki ki, birdən-birdən gözəlləşmə sevdasına düşmək. Mən bu cür insanları qınamıram, çünki onların şüur altı təmiz deyil, özgüvəni yoxdur. Özgüvəni olmayan insanlar kosmetoloqla sadəcə maskalı depressiyanı ayaqüstü yaşayırlar. Onlar bunun major depressiyadan başlayaraq, biopolyar pozuntuya qədər gətirib çıxara biləcəyi təhlükəsinin fərqində belə deyillər".

Ekspert qeyd edib ki, bəzi peşə sahiblərinin estetik müdaxilələr etməsi ona işində problem də yarada bilər:

"Aktyor, aktrisalar sənətlərinə görə müxtəlif obrazlara girirlər, bəzən qrimlə qoca obrazı, bəzən 18 yaşlı gənci canlandırırlar. Ümumiyyətlə, mimika tələb edən bəzi peşə sahiblərinin estetik müdaxilə etməsinə gərək yoxdur.

Bəzən mənə də deyirlər ki, Aytən xanım, niyə burnunuzu estetik əməliyyat etdirmirsiniz? Lakin mən burnumda çəpər əyriliyi olmasına baxmayaraq, bu əməliyyatı etdirmirəm, çünki dəyişməkdən qorxuram, özüm kimi olmayacağam. Məni hər kəs özüm kimi qəbul edib. Dəyişmək hətta mənim işimə də problem yarada bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun