Müğənnilər Mehin Hümbətova və Dilarə Kazımova yerli klipmeykerlərdən danışıblar.
OLAY yazır ki, bu barədə onlar “Gül kimi” şouda söz açıblar.
Mehin klipini Türkiyədə çəkdirməyinin səbəblərini açıqlayıb:
“Heyətə və keyfiyyətə görə İstanbulda çəkdik. Çünki oradakı keyfiyyəti burada ala bilməyəcəkdik. Buradakı işlədiyimiz insanlar bizdən inciməsinlər, həqiqətən də, iş prosesində çox böyük fərq var. İşin gedişatında fərqlər var. Planlaşdırılma, hər şeyin dəqiq qurulmağında. Bizdə beş işi bir nəfər öhdəsinə götürür və işin keyfiyyəti orada zəifləyir. Amma orada hər işin öz peşəkarı var. Hərə öz işinə cavabdehdir. Qiymət açıqlamayacam, amma bizdəki ilə fərqlənir. Axşam kadrları olduğuna görə, işıqlanma məsələsini burada edə bilməyəcəkdik və daha ucuz, keyfiyyətsiz iş ərsəyə gətirəcəkdik. İstanbulda etmək 2 dəfə daha bahadır. Deyim ki, 50 min vermişəm, o qədər yox. Çox normal qiymətdir”.
Dilarə isə klipmeykerlərin tənbəlliklərindən gileylənib:
“Bizə nə olub? Çox keyfiyyətli, çox gözəl musiqi ərsəyə gətirə bilərik. Bizdə hər şey var. Biz özümüz hər şey edə bilərik. Sadəcə bizdə hər şeyi problemə döndərməsələr, bir az özlərinə əziyyət versələr, komfort zonadan çıxsalar və çox gözəl iş alınar. Bir az özlərinə əziyyət versinlər”.
Qeyd edək ki, Mehinin son “Sus” klipindəki seçimi türkiyəli rejissor Ahmet Can Tekin olsa da, Dilarənin “Dəli” klipinə azərbaycanlı rejissor Nail Naiboğlu imza atıb.