Fövqəladə Hallar Nazirliyi tanınmış fotoqraf Orxan Aslanovun evindəki yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
OLAY yazır ki, məlumatda yazılıb:
“Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145kv.m. olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115kv.m sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib.
Bitişik tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb”.
















