"İllərlə özümə ev arzulamışam. İllərlə mənim evim olmayıb. Kirayələrdə o qədər ailəmlə zülm və əziyyət çəkmişəm. Hər kirayə evdən çıxanda bir əşyamız qalırdı orada. Ya kirayə ev üçün ödənişini edə bilmirdik, ya da ki, ev yiyəsi deyirdi ki, çıxmaq lazımdır".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.
Sənətçi illərlə kirayələrdə yaşadığı acı və çətin günləri xatırlayaraq göz yaşlarına boğulub.
Türkan bildirib ki, arxasında heç bir dayağı olmayaraq illərlə çalışaraq özünə ev alıb:
"Hər dəfə kirayə ev dəyişəndə Allah bir tək yalvardığım o olurdu ki, məni sevindirməsən də, anamı, atamı sevindir ki, onlar üçün ev alım. İki bacım başını salmaq üçün ev alsın ki, heç kimə möhtac olmasınlar. Kiminsə qapısında qalmasınlar. Mən anamla elə bir evlərdə yaşamışam ki, soyuq aylarda orada donmuşuq.
Pəncərələri "kulyonka" (salafan paket - red.) ilə bağlamışıq. Amma qalmışıq o evlərdə. Bu gün mənə çıxıb kimsə deyəndə ki, nə oxuyursan, uçurumdur və sayra... Sizin və heç kimin ixtiyarı yoxdur mənə nəsə deməyə. Mən əziyyətlə bu sənətə və bu pilləyə gəlmişəm. Bu gün gedin oxuyun, işləyin, çalışın o pulu qazanın.
Heç bir kişiyə bu günki günədək möhtac olmamışam. Heç kim deyə bilməz ki, Türkana mən baxmışam, evini mən almışam. İllərlə çalışdım... Elə bir yerdə Allah mənə ev nəsib etdi ki, şəhərin gözəl yerində... Hər mənəm-mənəm deyən insan orada ev ala bilməz. Pis oxuyana da, yaxşı oxuyana da pis fikir bildirmək lazım deyil".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun