“Atasının hesabına bu sənətə gəlib” deyənlər də var, atam mənim yerimə...”- FOTOlar

“Atasının hesabına bu sənətə gəlib” deyənlər də var, atam mənim yerimə...”- FOTOlar

Milli.Az tanınmış aktyor İbrahim Çingiz Moderator.az-ın suallarını cavablandırıb.

-İbrahim, nə qədər seriallardan uzaq qaçsanız da yenidən çəkildiniz.. Bu janrdan soyumağınızın əsas səbəbi nədir?
 
-Əslində seriallardan soyumamışam. ARB kanalında efirə gedən "Sevgi" serialında çəkildim. Rejissor Vüsal Məmmədov idi. Çox gözəl kollektivlə 4 ay çəkildik. Mart ayından Xəzər tv-də yayımlanacaq, Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" əsəri əsasında bir serial çəkilir. Onun da rejissoru Rüfət Şahbazovdur. Çox böyük sevgi ilə çəkilirəm. Həzz alıram. Üstəlik də teatrda çalışıram. Bu günlərdə "21-ci möcüzə" filminin qala gecəsi baş tutdu. Hər cür potensiala malik olduğumu gözəl bilirəm və hər gün dayanmadan öz üzərimdə çalışıram.
 
-Nədənsə bir müddət əvvəl tərk etdiyiniz serialın təkrar bölümlərində də sizi görürdük..
 
-Çıxdığım serial haqqında heç bir məlumatım yoxdur. Ümumiyyətlə maraqlanmıram. O mənim üçün keçmiş bir yuxudur.
 
-Həyat yoldaşınız Aydan Axundova da aktrisadır. Həm də birlikdə veriliş aparırsınız. Onunla serialda tərəf müqabili olmaq sizə zövq verir yoxsa aparıcı olmaq?
 
-Aydanla hər bir yer mənim həyatımda maraqlıdır. Fərq etməz, harada oluruqsa-olaq.
 
-Kişi həyat yoldaşını sizcə lazımsız yerə qısqanmalıdır?
 
-Vallah hər kəsdə bir cürdür. Mən özümdən danışa bilərəm. İnsanlar bir-birinə inanıb, hörmət edəndə qısqanclıq artıq ikinci plana keçir. Yox əgər insanlar boş-bekardırlarsa, bir-birinə güvənmirlərsə qısqanclıq yaranır. Biz bir-birimizi tanıyırıq, bilirik ki, nədən əsəbləşə bilərik, ona görə də bu nüansları minimuma salırıq ki, aramızda narazılıq olmasın.
 
-Müasir filmlərə münasibətiniz necədir? Açıq-saçıq, intim səhnələr önə çıxarılır. Sizcə bu doğrudur?
 
-Sözün düzü heç bir kolleqamı, bu sferada çalışan kimlərisə pisləmək istəmirəm. Hər kəs vuruşub-çalışır. Ona görə də hamıya uğurlar arzulayıram. Hansısa səhnəni, filmi tamaşaçı qiymətləndirsə daha yaxşı olar. Çünki biz aktyoruq. Əlləşib-vuruşan insanlara uğurlar arzu edə bilərəm. Tamaşaçı özü qiymətləndirəcək, özü seçəcək. Artıq elə bir zamandayıq ki, izləyicini aldatmaq olmur. 
 
-Atanız Çingiz Əhmədovun sizin yaradıcılığınızda əziyyəti və zəhməti nə qədərdir?
 
-O mənə hər zaman məsləhət verib. Sənət baxımından mənə heç bir kömək etməyib. Deyib ki, "özün bacaracaqsansa get elə, mən orada yoxam". Mən heç özüm də istəməmişəm. Məktəb vaxtı da, universitet vaxtı da çalışmışam ki, ondan gizlədim, öz bacarığımla sənətə gəlim. Sözsüz ki, "atasının hesabına bu sənətə gəlib" deyənlər də var. Atam mənim serialda yerimə çəkilmir axı. Həqiqətən də adekvat tamaşaçı hər şeyi görür və bilir.
 
-Ailəniz sizə nəyi irad tutur?
 
-Heç bir irad tutmur. Mən də çalışıram ki, ailəmə hər zaman dəyər verim. Sənətdən öncə mənim üçün ailə və şəxsiyyətli olmaqdır. İnsan şəxsiyyətini itirməsin. Fuad Poladov mənim üçün etalon idi. Çünki o həm insan kimi, həm də sənətkar kimi şəxsiyyət idi. Bu dünyaya kişi kimi gəlib, kimi kimi getdi.
 
-Bu sənətdə narazı olduğunuz nüanslar var?
 
-Vaxt baxımından çox sıxılırıq. Müddət az, layihə isə böyük olur. Bunlar bir az məni narahat edir. Maliyyə məsələsi də məni narahat edən nüanslardandır. Filmlərin, serialların sayı nə qədər çox olsa biz keyfiyyətlisini seçə biləcəyik. 3 filmin içindən neçə yaxşı film seçmək olar ki?! Heç olmasa 10 film çəkilməlidir ki, tamaşaçı seçim edə bilsin.
 
-Bir ara müğənni, reper kimi də fəaliyyət göstərirdiniz. Bu gün bəs necə?
 
-Sənət fəaliyyətimə müğənni, reper kimi başlamışam. Bu gün buna nə vaxtım, nə də ki, həvəsim var. Vaxtım olsaydı belə həvəsim olmazdı. Çəkilişlərlə başım çox qarışıqdır. 
 
-Toylara dəvət alırsınız?
 
-Toyda bir dəfə özümü sınamışam. 2015-ci ildə. Sonra başa düşmüşəm ki, toy bazarı mənlik deyil. Mənim xarakterim bir az fərqlidir. Toy apara bilmərəm. İnsan özünü bilməlidir, görməlidir. Adam var ki, özü-özünü görmür, düşünü ki, superdir. Amma ortalıqda da bir şey yoxdur. Ona görə də bacardığım işlə məşğulam.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun