Əfsanəvi döyüşçü, məşhur kinoaktyor, ssenarist və rejissor, uşaqlıqdan filmlərinin sehrinə düşdüyümüz, bir çoxumuza dünyanın ən güclü adamı təsiri bağışlayan Brüs Li .
27 noyabr əfsanəvi Brüs Linin doğum günüdür.
Milli.Az publika.az-a istinadən məşhurla bağlı maraqlı məqamları təqdim edir:
Balaca əjdaha
1940-cı ildə ABŞ-ın San-Fransisko şəhərində doğulub Brüs. Çin təqviminə əsasən Əjdaha ilində anadan olduğundan, onun adını balaca Əjdaha kimi tərcümə olunan Li Syaolun qoyurlar.
Bəzi mənbələrdə isə "Brüs li"nin adını "Jackson" küçə xəstəxanasında işləyən bir tibb bacısının qoyduğu bildirilir. Uşaqlıqdan ailəsi daxil heç kim onu adı ilə çağırmazdı . Ləqəbi ilə "Say fon" və ya "Little Phoenix" deyə çağırardılar.
Uşaq vaxtı "zəif" olan Brüs döyüş növləri ilə maraqlansa da, idmanla ciddi məşğul olmayıb. Məktəbdə də xüsusi nailiyyətləri ilə fərqlənə bilməyib. 12 yaşında olarkən "Say fon" hərtərəfli inkişaf kollecinə qəbul olub. 13 yaşından rəqs məşğələlərinə maraq göstərən Brüs hətta 4 il sonra Honkonqda keçirilən ça-ça-ça üzrə çempionatın qalibi olub.
ABŞ-a dönüş
Brüs Li 19 yaşında ABŞ-a geri dönməyi qərara alır. Əvvəlcə o, San-Fransiskoya, oradan isə Sietlə yola düşür. Sietldə yerli restoranların birində ofisiant işləməyə başlayır. Brüs burada Edisonun texniki məktəbini bitirir və Vaşinqton universitetinin fəlsəfə fakültəsinə qəbul olur.
Çox keçmir ki, döyüş sənəti ilə ciddi şəkildə məşğul olmağa başlayır və özünü bacarıqlı şagird kimi göstərir. O, üç gün ərzində, adətən öyrənilməsi həftələrlə davam edən kunq-funun baza hərəkətlərinə yiyələnir. Brüs Linin ustası Vinq Çun olub. Digər tələbələr Brüs Linin sırf çinli olmadığını öyrəndiklərində, onu rədd etmişdilər.
Çünki Brüs Li tam bir çinli deyildi. Babasının ana tərəfi yarı alman idi. Buna görə də müəllimi onu həmişə xüsusi olaraq hazılaşdırırdı. Sonradan Brüs digər əlbəyaxa döyüş növlərini də mənimsəyir və bilikləri sayəsində özünün xüsusi kunq-fu stilini - Cit-Kunq-Do-nu yaradır. Brüs Li mükəmməl bir rəqsçi və boksçu idi...
Peşəkar idmandan incəsənətə
Brüs Linin aktyorluq karyerası döyüş sənətində istedadını nümayiş etdirdiyi televiziya seriallarından başlayır. O, sonradan hətta özünün kunq-fu məktəbini açır.
Brüs Li vətəninə döndükdən sonra tammetrajlı filmlərdə çəkilməyə başlayır. Onun çəkildiyi ilk belə film "Böyük boss" (1971) ekran əsəri olub. Bu film böyük uğur qazanır və onun ardınca əvvəlcə Asiyada, sonradan isə bütün dünyada böyük populyarlıq qazanan daha iki film çəkilir ("Qəzəb yumruğu" və "Əjdahanın qayıdışı").
Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.
Super ulduz olan Li ekrandakı hər bir hərəkətini mükəmməl yerinə yetirməyə çalışaraq vaxtının çox hissəsini çəkilişlərə ayırır. Ümumilikdə aktyor 30-dan artıq filmə çəkilir. Bununla yanaşı o, bütün günü məşq edir və kunq-fu bacarığını daima artırır. Brüs, həmçinin özünün qida sistemini də yaradır. O, məşhurluq qazanan şəxsi məşq və metodikalarının da müəllifidir.
Son filmdəki gerçək ölüm...
Brüs Li 1973-cü il iyulun 20-də Honkonqda qəfildən vəfat edib. "Ölüm oyunu" filmi onun son işi olur və bu filmə sona kimi çəkilə bilmir...Onun anidən vəfatı bir çoxlarına müəmmalı qalır. Super güclü adam gözlənilmədən, bir göz qırpımında sanki uçub gedir. Ondan geriyə isə bu gün də hamının ən güclü adam kimi sevdiyi Brüs Li filmləri qalır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun