"Paxlavanı imkanlılar bişirirdi"

"Paxlavanı imkanlılar bişirirdi"

Müğənni Nadir Qafarzadə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, sənətçi keçmiş illərlə indiki dövrü müqayisə edərək Novruz ənənələrindən danışıb. O bildirib ki, əvvəllər maddi imkanlar məhdud olduğu üçün hər kəs bayram şirniyyatlarını hazırlaya bilmirdi: "Biz kasıb olmuşuq, paxlavanı daha çox imkanlı ailələr bişirirdi. Şəkerbura üçün fındığı anam bir ay öncədən qram-qram alıb yığırdı, sonda 1 kilo edirdi".

İfaçı qeyd edib ki, o dövrdə kişmiş, qaysı və digər ərzaqlar da hissə-hissə alınaraq toplanırdı. Həmçinin əlavə edib ki, plov bişiriləndə mütləq ailədə yaşca böyük olanların evinə pay aparmaq ənənəsi var idi.

Nadir Qafarzadə vurğulayıb ki, əvvəllər hər kəs öz hazırladığı şirniyyatlarla fəxr edirdi, lakin indi bu ənənələr əvvəlki kimi qorunmur və bir qədər səthi yanaşma hiss olunur.

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az