“Şəfiqə yaxşı ki, vaxtında sədrlikdən getdi, yaş da o yaş deyildi”

“Şəfiqə yaxşı ki, vaxtında sədrlikdən getdi, yaş da o yaş deyildi”

"Köhnə kinoittifaqımız üçün çox darıxıram. Mən hələ orada, Rüstəm İbrahimbəyovun yaratdığı ittifaqda qalmışam. Orada festivallar, kino bayramları olurdu. Tamaşaçılara göstərilməyən dünya kinolarını orada izləyirdik. Qohumlar bizdən xahiş edirdi, onları da aparırdıq. Rüstəm İbrahimbəyov dünyasını dəyişəndən sonra oradan çıxdım. Bundan sonra iki kinoittifaq yarandı. Birinə Şəfiqə rəhbərlik edirdi, digərinə isə Əli İsa Cabbarov. İndi heç nə qalmayıb. Bilirsiniz ki, mən kinoya vurğunam. Mənim üçün kino əsasdır. Şəfiqə apardı o ittifaqı guya.. İki ittifaq mənə gülməli gəlirdi. Mənə elə gəlir ki, Şəfiqə yaxşı edib vaxtında sədrlikdən getdi. Yaş o yaş deyil, yəqin ki, səhhətində də problemlər var. Yaxşı ki, Rasimi seçdilər. Rasim bu ittifaqa sədrlik edə bilər. O bizim keçmiş ittifaqda Rüstəm İbrahimbəyovun sağ əli idi. Bu işi yaxşı bilir. Hələ ki, Rasim yaxşıdır. Mən orada olsaydım Rasimə səs verərdim. Kino çəkilsə, bu sahə dirçəlsə ittifaq da dirçələr"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, məşhur aktrisa Elmira Şabanova deyib. Sənətkar illər öncə həyat yoldaşı, görkəmli rejissor Rüfət Şabanovun onu filmlərdə çəkilməsinə qadağa qoyduğunu bildirib.

"Cavanlıqda o qədər rejissorlar məni filmlərində çəkmək istəyirdi ki.. "Səhər" filminə çəkiləndən sonra Rüfət məni görüb vuruldu. Bundan sonra vəssalam! 20 il çəkilmədim! Çünki mənə icazə vermirdi. 40 yaşımdan sonra filmlərdə çəkilməyimə icazə verdi. O vaxtı da çəkildim, sonra kino yavaş-yavaş yox oldu. O qədər rejissorlar məni çəkmək istəyirdi ki. Hətta rəhmətlik Lətif Səfərov məni "Leyli və Məcnun" filmində Leyli roluna dəvət etmişdi. O vaxt məşhur olmaq asan idi. İki televiziya var idi. Bir dəfə çıxırdın efirə, səni bütün Azərbaycan tanıyırdı. Yolda qoymurdular ki, rahat gedəsən, saxlayıb şəkil çəkdirirdilər, avtoqraf alırdılar. Əgər səni xalq sevdisə gedirdin qabağa. İndi "ulduz" deyirlər. Amma biz o vaxt ulduzluq sevdasına düşmürdük. Öz işimizlə məşğul idik. Xalq məni belə qəbul etdi. Çox xoşbəxtəm ki, o dövrdə yaşamışam, fəaliyyət göstərmişəm. Mən kamera qarşısında hiss etmirdim ki, rol oynayıram. Təbiiyəm! Təklif olunan şəraiti verirdilər, onu yaşayırdım. Sözün əsl mənasında yaşayırdım. Ona görə də sizlər məni bəyəndiniz. Kinoda yaxşı həyat sürmüşəm. Düzdür, az çəkilmişəm, amma çəkildiyim filmlər mənə zövq verib. Keçmiş həyatımdan razıyam" deyə sənətkar bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun