“Evləri köndələn yar”ın ulduzunu illər belə dəyişdi - FOTO

“Evləri köndələn yar”ın ulduzunu illər belə dəyişdi - FOTO

O, hamımızın yaddaşında "Evləri köndələn yar" televiziya tamaşasındakı Reyhan kimi qalıb. Uzun saçlı, gözəl gözlü, baxışlı Reyhan kimi. İllər ondan çox şeyi alsa da , dəyişsə də, baxışlar elə həmindir. Bu gün Akademik Milli Dram Teatrının sevilən aktrisası, əməkdar artist Hicran Nəsirovanın doğum günüdür.

Milli.Az publika.az-a istinadən 66 yaşını qeyd edən sənətkarla ad günü söhbətini təqdim edir:

-Salam, Hicran xanım. Doğum gününüz mübarək.

-Salam, çox təşəkkür edirəm.

-Necə hiss edirsiniz özünüzü yeni yaşda?

-Super (gülür).

-Bu gün sizi ilk kim təbrik edib?

-Gecə 12-dən sonra oğlum, gəlinim, nəvələrim təbrik etdi. Ən çox məni nəvələrimin təbriki kövrəltdi. Sevinc göz yaşları axdı gözümdən, onların təbrikini oxuduqca. Şirin balalarım böyüyüblər, fikirlərini, arzularını gözəl ifadə edirlər. Bundan dəyərli heç nə yoxdur. Səhərdən də telefonum susmur.

- Gözəl hisslərdir deyilmi, Hicran xanım?

-Əlbəttə, əlbəttə. Düzdür, bir tərəfdən adam kövərlir ki, yaş üstünə yaş gəlir. Amma o biri tərəfdən də sevinirsən. Bu günə şükür. Kim deyə bilərdi ki, bu yaşa çatacam mən? Bir vaxtlar, 2000-ci illərdə adama yuxu kimi gəlirdi. Fikirləşirdim ki, ay Allah, biz o günü görəcəyik? Artıq 2024-ə gəlib çatmışıq (gülür). Optimist hisslərlə yaşamaq lazımdır. Özü də bu yaşda.

- Hicran xanım doğum günlərini qeyd eləməyi sevirmi?

-Dünəndən elə uşaqlar deyirlər, gedək haradasa qeyd edək. Deyirəm heç nə istəmirəm Əvvəllər cavan idim, özüm xoşlayırdım qonaq qarşılamağı, biş-düş edirdim, şirniyyata kimi hazırlayırdım. Düzünü deyim, indi ona gücüm çatmır, səhhətimlə əlaqədar tez yoruluram. Övladlarım da dünəndən "mama, gedək haradasa oturaq" deyirlər. Heç kimə qıymıram. Heç nə istəmirəm. Balalarım sağ olsun, bu mənim bəsimdir. Görürəm ki, əl çəkmirlər, görək də, axşam bəlkə ailəvi haradasa oturub qeyd edəcəyik.

-Hicran xanımın bu günə kimi ən yadda qalan doğum günü hansı olub?

-50 illik yubileyim ən yadda qalan ad günüm olub. Çox gözəl keçdi. Oğlumla həmkarlarım birlikdə mənə gözəl bir məclis təşkil etmişdilər. Bütün aktyor yoldaşlarım orada idi, o qədər gözəl keçmişdi ki. Hamı razı idi həmin gün, ən çoxda elə özüm. Bax ən yadda qalan ad günüm idi.

-Ömrün yarıdan çoxunu geridə qoymusunuz. Ötən illərə baxanda arzusunda olduğunuz elə bir rol varmı ki, bundan sonra məhz o obrazı oynamaq istəyirsiniz?

-Əlbəttə, o arzu həmiş olur. Özü də tək məndə deyil, yaradıcı insanların hamısında bu hiss var. Hamı nəsə etmək istəyir, yaşayıb-yaratmaq istəyirsən. O bir hiss var ha, hansı ki, onu sözlə ifadə etmək olmur, tamaşadan, premyeradan çıxandan sonra inanın ki, adamın ayağı yerə dəymir, elə bil havadasan, uçursan. Aktyora nə lazımdır? Alqış. Tamaşaçı səni qəbul etsin, alqışlasın. Həmişə deyirəm ki, çox şükür, mən bu günləri gördüm. Bir var, zalın yalnız aşağı hissəsi tamaşaçı ilə dolu olsun, bir də var ki, yuxarı yaruslara kimi tamaşaçı dolu olur və zalda iynə atmağa yer olmur. Və sən səhnəyə çıxırsan, səni alqışlayırlar, gözləyirsən ki, alqışlar dayansın və sən rolunu ifa edəsən. Bundan gözəl bir şey var?

Sualdan bir az uzaqlaşdım (gülür). Həmişə nəsə istəyirsən, həmişə. Ona görə konkret bir rolun adını çəkə bilmərəm. Daima irəli getmək, yeni rollar oynamaq istəyirsən. Yaradıcı insan daim axtarışdadır. Rolun böyüyü-kiçiyi yoxdur. Əsas sözünü deməyi bacarmaqdır. Bax əsas budur.

-Yeni yaşınızdan ən böyük istəyiniz, diləyiniz nədir?

-Can sağlığı, can sağlığı (kövrəlir). Can sağlığı olsa, çox şey etmək olar.

-Canınız sağ olsun, ömrünüz uzun olsun, dəyərli sənətkarımız. Hələ çox uzun illər yeni obrazlarla tamaşaçıların alqışları hədiyyəniz olsun.

Çox sağ olun. Diqqətiniz üçün var olun.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun