Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.
İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə "Space TV"də yayımlanan "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Rühəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən "Gəl Danış" verilişinin aparıcısı Amil Xəlil bu ittihamları təkzib edib:
"Bu qız bir il bundan əvvəl "SPACE"ə gəlirdi. Gəlsə də, biz onun şikayətlərinə baxmırdıq, çünki bizim verilişin formatı kriminaldır. Rühəngiz gah deyirdi ki, dayımı öldürüblər, gah deyirdi xalam oğlu mənə təcavüz edir. Yeri gəlmişkən, xanım əqli qüsurlu idi. Hətta bir müddət sonra gəlib mənə deyirdi ki, boşan, mənə "bax". Bu barədə məktublar da var, hər dəfə bir məktub yazırdı ki, Amil, boşan. Artıq onu içəri buraxmırdıq ki, bu mövzu bizlik deyil, o isə məktubları qapıdan verib gedirdi. Həmin məktublar hamısı sübut kimi məndədir, +18 məzmunlu məktublar yazırdı, istəyini açıq şəkildə bildirirdi, biz onun öhdəsindən gələ bilmirdik. Artıq atasına, qohumlarına belə zəng edib deyirdik ki, bu xanımı yığışdırın, artıq dəmir hasardan keçib gəlir ki, məni verilişə buraxın, parkda insanlarla dalaşır. Hətta gedib məndən 102-yə də şikayət etmişdi ki, Amil Xəlil mənim şikayətlərimə baxmır, onlar da cavab vermişdi ki, bu efirə çıxarılası məsələ deyil. Bir müddət sonra artıq kanala gəlmədi".
Teleaparıcı qeyd edib ki, 36 yaşlı Rühəngiz Əliyevanın xalası oğlanları ilə problemləri olub:
"İndi deyilir ki, qızın atası ilə mübahisəsi "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Mən buna inanmıram. O qızın xalası oğlanları ilə problemləri var idi, tez-tez də bunu qeyd edirdi. Qeydiyyatdan da bu cür keçmişdi, biz isə dedik ki, bu cür əxlaqa zidd mövzuları efirdə işıqlandırmırıq.
Təəssüf ki, bəzi həmkarlarımız bu məsələdə məni və verilişimi ittiham edirlər. Amma burada telekanalın və Amil Xəlilin heç bir günahı yoxdur. Sosial şəbəkələrdə şərh yazanlar da xəbəri oxumadan savadsızcasına deyirlər ki, sosial veriliş bir insanın ölümünə səbəb oldu. Məsələ belə olmayıb.
Hətta Rühəngiz bir dəfə də gəldi dedi ki, Amillə görüşmək istəyirəm. Efirin başlanmasına az vaxt qalmış studiyadan kənarda görüşdüm, xanım ağzına su alıbmış və məni görəndə suyu üstümə püskürtdü, daha sonra qışqırdı ki, sən mənim olacaqsan! Bu hərəkəti son damla oldu, ondan sonra dedim ki, xanımı qapıdan buraxmasınlar. Mənim hüquqi tərəfdən heç bir səhv addımım olmayıb, indi haqqımda bu cür danışılmağı psixoloji cəhətdən pis təsir edir, çünki insanlar bilib-bilmədən məni ittiham edirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun