Azərbaycan Londonda təmsil olunur

Azərbaycan Londonda təmsil olunur

Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən  olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.  

OLAY yazır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur. 

Sərgidə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə sərgidə iştirak edirlər. 

Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. Eyni zamanda Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar. 

Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir. 

1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların iştirak etdiyi sərgi martın 14-dək davam edəcək.