“Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar...” - FOTOlar

“Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar...” - FOTOlar

"Əsl aktyorun orqanikası, bütün duyğuları, hissləri, ürəyi, beyni bir rolun üzərində işləyir. Bunu yaşayırsan. Hər insan öz ömrünü yaşayır, amma aktyor bir ömründə neçə rol oynayırsa hamısının həyatını yaşayır. Öz ömrümüz, yazımız, taleyimiz gedir, yaddan çıxır. Nə oynayacamsa mən onun haqda fikirləşib özümünkü etməliyəm. O mənimki olmalıdır. Əgər çətin, faciəvi bir obrazdırsa bu bəzən öz həyatına da təsir edir. "Vicdan haqqı" serialı 3 il çəkdi. Mən 3 il sanki o həyatı yaşadım".
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib. O daha sonra əlavə edib.
 
"Peşmanlıqlar hamının həyatında olur. Bu sənətin maddi tərəfi yoxdur. Daha çox özümüz xərcləyirik. Problemlər çoxdur. Hər bir sənətkarın həyatında bir an olur ki, üzdə olursan. Sonra arxaya çəkilirsən, yaddan çıxırsan. Bir az geri çəkiləndən sonra çətin olur. Yaş gedir, hansı ki, o rolları oynaya bilərdin gecikirsən. O illəri yaşamırsan, sadəcə vaxt keçir. Həyat mübarizədir. Səhnə özü də mübarizədir. Gərək həmişə mübarizə aparasan. Onu da kimisi bacarır, kimisi yox. Bu yaşa gəlib çatdım, o qərara gəldim ki, gərək heç nəyi sonraya saxlamayasan. Gərək yerində həll edəsən. Əvvəlki enerjimlə çox şey edə bilərdim. Elə illər oldu ki, çox işlədim. Elə də oldu ki, gözləyə-gözləyə qaldım. Bu zaman da vaxt getdi. Mənim AZDRAMA-da işlədiyim dövr 3 dəfə teatrın təmir vaxtına düşdü. İstər-istəməz bu da bizim ömrümüzdən getdi. Səhnəmiz olmadığı üçün elə tamaşalarımız oldu ki, 4-5 dəfə oynanıldı, sonra tamaşaçılar onları görmədi", - deyə aktrisa bildirib.
 
Aktrisa bildirib ki, film və seriallarda mütləq aktyorlar çəkilməlidir:
 
"Bizdə bu gün maraqlı bədii filmlər çəkilmir. Bəlkə bundan sonra hər şey yaxşılığa doğru olar, düzələr. Çox vaxt işsiz qalmıram. İndinin özündə də təkliflər var. Artıq enerjimə də qənaət etmək istəyirəm. Hər filmdə, serialda çəkilmək istəmirəm. Bunu da gözləyə-gözləyə ömürdən gedirik. Bloger, əldə qayırma müğənnilər filmlərə çəkilir, efirlərə çıxır. İş onlarda deyil. Onları qabağa çəkənlərdədir günah. Televiziya rəhbərlərində, aparıcılarda günah görürəm. Hər şeyin öz yeri var. Necə ki, əvvəllər restoran müğənnilləri də var idi, sənətkarlar da. Onların arasında fərq qoyurdular. Buna fərq qoymaq lazımdır. Tamaşaçının zövqünü korlamaq yox, formalaşdırmaq lazımdır".
 
Hicran Nəsirova bildirib ki, daim intriqalarla üz-üzə qalıb:
 
"Sənətdə çox əngəllərlə qarşılaşmışam. Mənim simamda özlərini mənə rəqib görüblər. Çünki sənətdə ilk addımlarım çox uğurlu olub. Hansı serialda çəkilmişəmsə, hansı tamaşada oynamışamsa ona uğur gətirmişəm".
 
Əməkdar artist şəxsi həyatını efirlərdən uzaq saxlamağın tərəfdarıdır.
 
"Ailə həyatım mənim gizlin tərəfimdir. Mənim xoşbəxtliyimdən kimə nə? Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Qadınlardan ailəli aktrisalar barmaq sayı qədər olub. Mənim də şükür Allaha ailəm, övladlarım var. Bir ana kimi də övladlarım üçün nə lazımdırsa etmişəm. Çoxlarından fərqli olaraq da heç vaxt ailəmi sənətimə qurban verməmişəm", - deyə sənətkar bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun