Yazıçı Tural Cəfərov (Qan Turalı) ssenaristi olduğu “Gündəlik” serialı ilə bağlı tənqidlərə cavab verib.
Bu barədə o, OLAY-a danışıb. T. Cəfərov müzakirə yaradan səhnənin Elm və Təhsil Nazirliyinin sifarişi ilə çəkildiyini iddia edənlərdən söz açıb:
“Təhsil nazirliyinin seriala aidiyyəti yoxdur. Nə ssenarini oxuyublar, nə də çəkilişə baxıblar. Belə bir şeyi mən də özümə yaraşdırmaram. Artıq 20 ilə çatan Jurnalistika fəaliyyətim buna sübutdur. Bu serialdır, 23 seriyası var. Ayrıca bir səhnəni götürüb onun üzərində hekayəni qurmaq ki, müəllimləri təhqir etdi və sairə. Fikrimcə, bu, ucuz şeylərdir. İnsanlar həqiqəti bilmək istəyirlərsə, seriala baxıb nəticə çıxarsınlar. Hər bir bədii əsərin xüsusiyyəti bütövlüyüdür. Onun bir parçasını götürmək bütün ideyasını çatdıra bilməz. Bunlar adi məsələlərdir. Çox təəssüf ki, bəzi jurnalistlərimizə öyrətmək lazımdır”.
Qeyd edək ki, həmin səhnədə müəllim məktəbə bir hadisəni işıqlandırmaq üçün gedən jurnalisti tənqid edib. O, şagirdlər arasındakı hadisələrin ictimailəşməsində müxbiri ittiham edib və danlayıb. Bu səhnə isə bəzi jurnalistlərin qəzəbinə tuş gəlib.