"Bir neçə verilişdə olmuşam, öz ixtiyarım olmayıb ki, istədiyim sözləri deyim. Efirlərdə Rəşad Dağlıdan danışmağa qoymurlar. İstər canlı yayımda qonaq olanda, istərsə də kimsə gəlib bizdə çəkiliş edəndə mənə tapşırırlar ki, Rəşad Dağlının adını çəkməyim. Çəkəndə belə montaj edib çıxarırlar. Söhbət onun son illərdə başına gələn hadisələrdən getmir. İllər öncə də onun adını çəkməyə qoymurdular! Rəşad Dağlı kimə neyləyib ki?"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib.
"Mən belə düşünürəm ki, bu Rəşad Dağlının istedadlı olmağından irəli gəlir, ya onu gözləri götürmür?! Çünki Nizami Rəmzini də vaxtında gözü götürməyənlər var idi. Belə adamların sevənləri də çoxdur. O həbs olunanda camaat özünü öldürürdü. Atam danışırdı ki, o vaxtı elə müğənnilər var idi ki, məni toylarda görəndə əsəbləşirdilər. Nizami toya daxil olandan sonra onları heç kim saymırdı. Mən şəxsən özüm gözümün şahidi olmuşam. Məşhur müğənnimiz Zaur Rzayev o vaxt toy aparırdı. Nizami toya girən kimi Zaur Rzayev yaddan çıxdı, hamı onun üstünə tökülüşdü. Qışqırırdılar ki, "Nizami gəlib, Nizami gəlib". Bütün Siyəzən camaatı axışdı kişinin üstünə. Çadır toyu idi. Zaura müəllimə dedilər ki, "mikrofonu qoy yerə, Nizami meyxana desin". Atam da dayısı oğlunun toyuna qonaq gəlmişdi. Zaur müəllimə pis təsir etdi. Dedi ki, "mən televiziyaya çıxan bir sənətkaram, bir meyxanaçı gəlib deyə mənim sözümü kəsirsiz?". O meyxanaçı deyildi, o əsl xalqın istədiyi sənətkar idi. Həmin hadisə Səməd Səmədovun da başına gəlib. Bir çoxlarının bu hal xoşuna gəlmirdi" deyə Nizami Rəmzinin qızı deyib.
Heyran Baxşıyeva bildirib ki, müğənnilərin çoxu efirlərdə Nizami Rəmzinin mahnılarını öz mahnıları kimi təqdim edirlər.
"Sonra da mənə yazırlar ki, ölünün arxasınca danışma! Düzünü deyirsən qəbul etmirlər, yalandan danışsaydım qəbul edəcəkdilər. Namiq Qaraçuxurlu Nizaminin "Nəcibə" mahnısını götürüb oxuyub. Götürməyib ee, oğurlayıb oxuyub. O meyxanaçıdır?! Ümumiyyətlə meyxana deyə bilir ki?! Son 5-10 ildə onun meyxana dediyini, kiminləsə deyişdiyini görmüsüz?! O vaxt Baloğlan Əşrəfov atamın yaradıcılıq gecəsində özü etiraf edib ki, "mən Nizaminin hesabına evimi tikdirmişəm, maşınlar almışam, uşaqlarımı evləndirmişəm". Sonra operatoru kənara çəkib deyib ki, "efirə verəndə mənim bu sözlərimi kəsərsiniz". Tərifləyib, sonradan sildirir. Bu hadisəyə qohumumuz şahidlik edib. Başa düşmədim, Nizami xalq düşmənidir?! Sonradan efirlərdə Nizaminin mahnısını öz mahnısı kimi təqdim edib oxuyurdu. Necə olur Manaf Ağayev, Abbas Bağırov bizdən zəng edib icazə alır, siz niyə icazə almırsınız?! Ucuz şöhrətin üstünə qonmaq olmaz. Bununla nə olur ki?! Hayla gələn, huyla getmir?! İnsan bunu özünə, şəxsiyyətinə necə sığışdıra bilər?! Camaat əziyyət çəkib başını işlədib mahnı yazıb, ona niyə yiyə çıxırsan?! Nizami elə bir brenddir ki, adını çəkən qabağa gedir. 3 gün idi tiktok səhifəsi açmışdım. Nizamidən 1-2 şeir yüklədim. Səhər durub gördüm ki, o qədər izləyici kütləsi gəlib ki. Bu Nizamiyə görə belədir də" deyə Nizami Rəmzi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun