Ötən gün Nizami Kino Mərkəzində “Cin atı” filminin qala gecəsi baş tutub.
OLAY yazır ki, tədbirdə ekran işinin komandası ilə yanaşı bir çox məşhur sima da yer alıb. Filmin aktyor heyəti qırmızı xalıdan keçərək jurnalistlərin suallarını cavablandırıblar.
Baş rollardan biri olan Əməkdar artist Dilarə Əliyeva bildirib ki, film həm qorxuludur, həm də gülməli:
“Hisslərimizi qorxu ilə ifadə edə bilərik. Mən istəyirəm ki, zalda gülüş səslərindən divarlar dağılsın. Məncə, çox insan cin atına minəcəklər. Minsinlər, getsinlər. Burada həm də çox mesajlar var. Fikrimcə, öz mesajlarını götürəcəklər”.
Digər baş rol Müşviq Şahverdiyev isə bildirib ki, bu cür qala gecələri üçün darıxıb:
“Hətta bu tip tədbirləri yadırğamışam. Artıq beş ildir susqunluq var idi. İnanıram ki, Dilarə xanımla, Nərminlə, İsmayıl və Kənan qardaşları ilə bir araya gəldiyimiz, Fariz Əliyevin ssenarisində oynadığımız bu film Azərbaycanda kommersiya filmlərinin dalğasını gətirəcək”.
Filmin ssenaristi, baş prodüseri Fariz Əliyev vurğulayıb ki, bu layihəni pandemiyadan öncəyə planlaşdırsalar da, bu il hazırlana bilib:
“Biz bir neçə dəfə baxış keçirmişik. Qorxulu-komediyadır, çox gülməlidir. Çox uzun da deyil, 1 saat 25 dəqiqədir. Müşviq Şahverdiyev, Dilarə Əliyeva və Nərmin Xankişiyevanın üçlükdə yaratdığı möhtəşəm filmdir”.
Həmçinin qeyd edilib ki, tiktoker N. Xankişiyevanı film üçün D. Əliyeva kəşf edib.
Gənc aktrisa da öz növbəsində Əliyeva və Fariz Əliyevə ekran işində ona şans verdikləri üçün təşəkkür edib.
Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov, İsmayıl Zeynalov, quruluşçu operatoru da eyni şəkildə İ.Zeynalovdur.
Ekran işinin informasiya dəstəyi isə OLAY.az-dır.
Fotolar/video: Soltan İbrahimli