Müğənni Mərdan Kazımov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
OLAY yazır ki, sənətçi “Geriyə dönən var” adlı yeni klipinin təqdimat mərasimini keçirib. Tədbirdə sənət və mədəniyyət dünyasının tanınmış simaları, media nümayəndələri, eləcə də sənətçinin ailə üzvləri iştirak ediblər.
Mərdan Kazımov layihə ilə bağlı bildirib ki, “Geriyə dönən var” onun yaradıcılığında xüsusi yer tutan işlərdən biridir. Sənətçinin sözlərinə görə, həm mahnının məzmunu, həm də klipin ekran həlli üzərində böyük həssaslıqla çalışılıb.
Sosial mesaj daşıyan ekran işi narkomaniyaya “yox” çağırışı ilə diqqət çəkir. Klipdə narkotik asılılığından əziyyət çəkən bir insanın həyata yenidən dönüşü, özünü tapmaq uğrunda mübarizəsi təsvir olunub.
Klipdə Mərdan Kazımovun aktyorluq performansı da tədbir iştirakçıları və izləyicilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə qəbir səhnələri emosional təsiri ilə diqqət çəkərək tamaşaçılarda dərin təəssürat yaradıb.
Qeyd edək ki, “Geriyə dönən var” artıq rəqəmsal platformalarda musiqisevərlərin ixtiyarına verilib.
















