“Onun ödünü çıxaranda qaraciyərini də zədələyiblər”

“Onun ödünü çıxaranda qaraciyərini də zədələyiblər”

Aparıcı İdris Cəfərov səhiyyə sistemi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o,  həkimlərin sertifikasiya prosesi və ölkədə tibbin vəziyyəti barədə danışıb. Aparıcı bildirib ki, sertifikasiya yalnız formal prosedur deyil, eyni zamanda dövlətin həkimə görə məsuliyyət daşıması deməkdir.

İdris Cəfərov bəzi həkimlərin bu prosesi pul mənbəyi kimi qiymətləndirdiyini desə də, əsas məqsədin peşəkar nəzarət olduğunu vurğulayıb.

Aparıcı daha sonra yerli səhiyyə ilə bağlı narazılıqlardan söz açaraq, bir sıra tanınmış şəxslərin müalicə üçün xarici ölkələrə üz tutduğunu qeyd edib. O, Faytonçu kimi tanınan Nazim Pişiyarinin əməliyyat zamanı ciddi problemlə üzləşdiyini iddia edib. Bildirib ki, öd kisəsi əməliyyatı zamanı onun qaraciyərinə zədə dəyib və sonradan müalicəsi xaricdə davam etdirilib.

İdris Cəfərov həmçinin Xalq artisti Murad Dadaşovun da müalicə məqsədilə Avropaya üz tutduğunu xatırladıb.

Aparıcı çıxışında bəzi klinikalarla bağlı şikayətlərin olduğunu, istifadə edilən tibbi materialların keyfiyyəti ətrafında suallar yarandığını da bildirib. Onun sözlərinə görə, son illər bir çox həkim xarici ölkələrdə çalışmaq üçün Azərbaycandan ayrılır.

Səsləndirilən fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az