"Avroviziya-2024"də təmsilçilərimizin səhnə quruluşçusu açıqlanıb.
Milli.Az olay-a istinadən bildirir ki, "Avroviziya-2024"mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi "Özünlə apar" mahnısının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.
İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir. 2006-cı ildə onun musiqi klipi Eurovideo Grand Prix müsabiqəsində 1-ci yerə layiq görülüb.
2011-ci ildə onun "LOVE" musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş SSRİ ölkələri arasında ilk belə göstəricidir. Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüsser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.
Evgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan "Maska" şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.
Beləliklə, "Avroviziya-2024" müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun