Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO

Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO

"Uşaqlığımda əzabdan, əziyyətdən başqa heç nə olmayıb. Biz çox çətinliklə böyümüşük. Ailədə 4 uşaq olmuşuq. Atam Baxışov Ramiz Baxış oğlu 10 yaşıma qədər bizimlə olub. Sonra isə atam 1990-ci illərdə "20 yanvar" hadisələrində itkin düşüb. O getdi, qayıtmadı. Uşaqlığıma dönəndə yaxşı bir şey xatırlamıram. Amma atamı 10 yaşıma qədər kölgə kimi xatırlayıram". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. 

Sənətçi bildirib ki, atası Ramiz Baxışov 1990-ci ildə qanlı "20 yanvar" hadisələri zamanı itkin düşüb: 

"20 yanvar" hadisələri zamanı tanklar Bakıya girdi, həmin ərəfədə atam evdən çıxıb bir daha geri dönmədi. Mənə sual verəndə ki, "Uşaqlıq xatirələrini bir daha yaşamaq istəyərsən?" Cavab verirəm ki, "Heç vaxt"...  Anam atamı 3 il axtardı. Onun nəşi belə tapılmadı. Çox yerləri axtardı, amma nəticə olmadı". 

Müğənni 15 yaşına qədər valideyinini onları tərk etdiyini düşünərək bağışlaya bilmədiyini söyləyib: 

"Uşaq olanda elə düşünürdüm ki, atam bizi atıb gedib. 15 yaşıma qədər bunıarı dərk edə bilmirdim. 15 yaşıma qədər deyirdim ki, atamı heç zaman bağışlamayacağam. Çünki o mənim anamı və 4 övladını atıb getdi. Övlad üçün bu çox çətindir. Anam mənə deyirdi ki, o itkin düşüb. Amma mən bunu dərk edə bilmirdim. Uşaq idim... Elə düşünürdüm ki, anam mənə yalan deyir. 15 ildən sonra oturdum özümə dedim ki, atamı qəlbən bağışlayıram. Atam həyatda olsaydı ola bilməzdi ki, bizi gəlib görməsin. İçimdə atamın bizi tərk etməsi ilə bağlı heç bir şübhəm yoxdur". 

Rahidə bildirib ki, atasıgilin ailəsinin axtarışları da bir nəticə verməyib: 

"İtkin düşənlərlə bağlı hazırlanan siyahıda atamın adı çıxmadı. Atamgilinin ailəsi ilə əlaqələrimiz var. Onun valideyinləri, qardaşları var. Tutalım ki, yaxşı, bizi istəmədi, bəs onlar? Onlarında atamdan xəbərləri yoxdur". 

Anası Mələykə xanımdan söz açan Baxışova kövrələrək göz yaşlarına boğulub. Rahidə bildirib ki, anası təkbaşına 4 övladını saxlamaq üçün 4 işdə çalışmağa məcbur olub:  

"Bizi çox çətinliklə böyüdük. Anam Mələykə xanım çox əziyyət çəkib. Anam dörd övladını saxlamaq üçün dörd yerdə çalışırdı. Səhər tezdən evdən çıxırdı, bir də işdən gecə gəlirdi. Həqiqətən köməyimiz olmayıb. O, nə qədər zəhmətkeş qadın olub (ağlayır). O, bütün çətinliklərə dözüb. Çox fədakar ana olub. Bu sözləri heç zaman anamın özünə deməmişəm. Burada etiraf etmək istəyirəm. Mən nə qədər həyatda varam, Allah mənə nə qədər ömür veribsə, nə qədər sağlamam, əlimdən nə gəlirsə, anamın yaxşı yaşaması üçün edəcəyəm. Çünki anam çox çətinliklərdən keçib. Bunları isə dilə gətirmək istəmirəm. Anamın heç bir dəstəyi olmayıb. O bilməyib ki, yarasını sağaltsın, yoxsa uşaqlarına baxsın. Atam tərəfdən maddi dəstək olmayıb. Anam hər şeyi tək başına edib". 

R.Baxışova "Allahdan hər zaman atama rəhmət diləyirəm və günahlarının bağışlanmasını istəyirəm. Allah anama can sağlığı versin" sözləri ilə bu çıxışını yekunlaşdırıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun