"Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?"

"Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?"

Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə "xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?" kimi ifadələr yazıblar.
 
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.

  • Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO 

"Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib", - deyə xanəndə bildirib.
 
Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:
 
"İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı  şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun