“Naxçıvan konsertində özümü dünya ulduzu kimi gördüm”

“Naxçıvan konsertində özümü dünya ulduzu kimi gördüm”
“Naxçıvan konsertində özümü dünya ulduzu kimi gördüm”

Müğənni Rəqsanə İsmayılova son açıqlaması ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, Naxçıvanda keçirilən ilk konserti onun yaradıcılıq karyerasının ən yaddaqalan anlarından biri olub. Rəqsanənin sözlərinə görə, konsertə təxminən 12 min tamaşaçı qatılıb, minlərlə insan isə yer olmadığı üçün tədbirə daxil ola bilməyib.

Müğənni həmin gecə yaşadığı hissləri bölüşərək, özünü dünya ulduzu kimi hiss etdiyini və sevincindən göz yaşlarını saxlaya bilmədiyini deyib. O, bu uğuruna görə Allaha şükür etdiyini də vurğulayıb.

İsmayılova konsertin ödənişsiz olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O qeyd edib ki, əsas məsələ biletin pullu və ya pulsuz olması deyil, insanların məhz hansı sənətçinin adına görə meydana toplaşmasıdır.

İfaçı Azərbaycanda biletli konsertlərin sayının az olduğunu bildirərək, yalnız bir neçə müğənninin biletlə böyük auditoriya toplaya bildiyini iddia edib. O əlavə edib ki, ödənişsiz olsa belə, "Saat Meydanı"na bu qədər tamaşaçını toplamaq heç bir sənətçiyə nəsib olmayıb.

Rəqsanənin sözlərinə görə, tədbir günü ərazidə fəaliyyət göstərən ticarət obyektlərinin satış dövriyyəsi də rekord həddə çatıb və ona bildirilib ki, həmin məkanda keçirilən əvvəlki konsertlərdə belə alver müşahidə olunmayıb.

Müğənninin bu iddialı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Bəzi istifadəçilər onun uğurunu təbrik edib və səsləndirdiyi fikirlərlə razılaşdıqlarını bildiriblər. Digərləri isə açıqlamadakı bəzi məqamlarla razılaşmayaraq fərqli mövqelər ortaya qoyublar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az