"Aftandil çox gözəl insan idi. Biz onun üçün çox darıxırıq (ağlayır). Nəvələrimiz bizə gələndə məni öpüb deyirlər ki, babamız olsaydı, onu da öpərdik. Onlara söylədim ki, babanız artıq yoxdur. Onlar da babaları üçün çox darıxırlar".
Milli.Az axşam.az-a istadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova "O öz" verilişində deyib. O, qarmon ifaçısından danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Aftandil gecələr yatırdı, beyninə musiqi gəlirdi. Gecənin bir yarısı durub pianoda ifa edirdi. Deyirdim ki, qonşular eşidir, ayıbdır. Cavab verirdi ki, indi çalmasam, bu musiqi sonra yadımdan çıxacaq. İnanmıram ki, Aftandil yoxdur. Elə bilirəm ki, o haradasa qastroldadır, gedib, gələcək. Qızları ondan soruşurdular ki, haran ağrıyır. Deyirdi, hər şey yaxşıdır. Heç zaman ölümdən danışmırdı. Deyirdi ki, ölümdən danışmayın.
Aftandil 20 il əvvəl qəzaya düşmüşdü. Ayağında qips xəstəxanadan çıxmışdı. Deyirdi ki, səhnəyə qayıdıb musiqilər ifa edəcək. O deyirdi ki, əvvəlcə qarmonumu qoyun. Yerə qədər süfrə salırdılar ki, ayağının qipsdə olmasını heç kim görməsin. Aftandil yalnız işləyib uşaqlarına və evə pul gətirməyi fikirləşirdi. Xaricdə qalanda deyirdi ki, ürəyim partlayır evə istəyirəm. O evinə bağlı insan idi. Onsuz çox çətindir".
Z.İsrafilova onu son görməsindən bəhs edib:
"Aftandil düz bir ay reanimasiya qaldı. O zaman getdim yanına ondan soruşdum ki, Afi, məni eşidirsən? Həkim dedi ki, eşitmir. Səhəri gün dünyasını dəyişdi. O heç zaman bizi incitməyib. Onun həyatı toylarda keçdi. Bütün dünyanı Xalq artisti Zeynəb Xanlarova ilə gəzdi. Hətta qızım ona deyirdi ki, getmə toya. Onun kimi insan bir də həyatda olmayacaq".
Qeyd edək ki, A.İsrafilov 2023-cü ilin aprelində vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun