Eldar Qasımovun sosial mediada istefaya göndərilməsi tələbindən sonra dostu, rejissor Ranar Musayev ona dəstək olub.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda post paylaşıb:
“Vaxt var idi, heç Avroviziya-da yox idik. Vaxt da var idi, qalib olmuşduq, ikinci yeri də tutmuşduq, dəfələrlə 10-luqda olmuşuq, aşağı pillələrdə yer almışıq, finala keçmədiyimiz illər olub. Bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub.
Vacib amillərdən də biri odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prosesindən keçən, məktəb görən, təcrübəli və peşəkar ulduzlarımız yetişir. Bu il də yeni təcrübə keçmiş daha iki müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır.
O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən “divan ekspertləri”nə. Bu gün Yeni bulvarda addımlayanda “Crystall Hall”a gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışmasının tarixində qalib kimi görəndə, nankor beyninizi işə salıb xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür. 13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib, yenə özümüzük.
Hə, bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ona görə də istər qalibiyyət, istər məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla cəhdləri nəticəsində qalib olub, digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək, kim yıxılmaq istəyir, kim tapdalamaq?”.