Avroviziya ilə bağlı müzakirələr davam edir. Sosial şəbəkələrdə Azərbaycanın iki ildir finala keçə bilməməyində musiqi prodüseri Eldar Qasımov günahlandırılır. Hətta onun istefası üçün kampaniya başladılıb. Kimisi iki ildir səhnə şoularının yetəri qədər yaxşı olmadığını, kimisi isə seçilən mahnıların zəif olduğunu bildirir.
Davam edən müzakirələr fonunda 2008-ci ildə ölkəmizi Elnur Hüseynovla birgə təmsil edən Samir Cavadzadənin 16 aprel tarixində OLAY-a müsahibəsi zamanı səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
“Avroviziyada hər il mövqe dəyişir. Tamaşaçının zövqü dəyişə bilər. Hər dəfə nəsə yenilik gözləyirlər. Tamaşaçı Avroviziya müsabiqəsində bir az seçilməyi sevir. Heç kəsə oxşamasın, qeyri-adi kostyumlar olsun. Düzdür, olub ki, sadə kostyumlarla çıxış ediblər, çox gözəl yerlər, hətta birinci yer tutublar. Amma indi fikir verirsiniz, son illərdə tamaşaçıya qəribəlik maraqlıdır. Bu Avropadır. Biz nə qədər də istəsək, öz mahnılarımızı, muğamımızı orada təqdim edək, çox gözəl qarşılanır, amma yenə də ora Avropadır və onlar tam başqa şeylər gözləyirlər. Mən ümumiyyətlə həmişə bir sözü demişəm ki, mən mahnını bəyəndim, eşitdim fərq etməz. Builki mahnımızı bəyənirəm. Mən həmişə səhnə performansımızı gözləyirəm. O mənim üçün çox vacibdir. Yalnız səhnə performansını görəndən sonra rəy bildirə bilərəm ki, o nə cür olacaq”.