Əməkdar artist Səlim Abbasovun yaşadığı evdə yanğın hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, yanğına mətbəxdə yerləşən aspiratorda baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı alovun yayılmaması üçün dərhal tədbir görülüb.
Sənətçi bildirib ki, vəziyyəti görən kimi Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hadisə yerinə gələn əməkdaşların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb.
Səlim Abbasov yaşanan hadisə ilə bağlı, "Yaxşı ki, oyaq idim. Yoxsa evdə hər şey yanardı" sözlərini deyərək təhlükənin ciddi olduğunu vurğulayıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı vaxtında alınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















