“Hicran” televiziya tamaşasının Orxanı Bəhram Əliyev uzun müddət sonra üzə çıxıb.
OLAY yazır ki, “Xəbərin olsun” verilişinin heyəti sənətçinin evində qonaq olub. Xatirələrindən söz açan aktyor mərhum Xalq artistləri Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın “Hicran”da oynadıqları zaman küsülü olduqlarını deyib:
“Teatra 1979-cu ildə məni dəvət etdilər. Onlara vokalist və gözəl səsi olan cavan oğlan lazım idi ki, sevgi rollarını oynasın. Bu tamaşa bir qıraqda idi. Çünki Orxan rolu üçün Mobil Əhmədov qocalmışdı. Mən teatrda çalışmağa başladım. Şəmsi Bədəlbəyli dedi ki, gənc oğlan gəlib, qaldırın “Hicran”ı. Mənə rol verdilər, az bir müddətdə hazırladım. Bir-iki tamaşa oynadıqdan sonra Ələkbər Kazımov dedi ki, bunu mütləq lentə almaq lazımdır. Tamaşanı oynadığımız gün tamaşaçı əlindən iynə atsan, yerə düşməzdi. Millət qıraqda qalmışdı, yer yox idi. Həmin ərəfədə o üçlük küsülü idi. Hacıbaba, Nəsibə Zeynalova, Səyavuş Aslan üçü də bir-biri ilə danışmırdı. Aralarında nəsə var idi. Bilmirəm. Orada bir-birilərinə guya mane olmaq üçün eskpromt hərəkətlər edir, sözlər deyirdilər. Amma heç biri söz altında qalmırdı. Məsələn, deyir, təsvir elə. Cavab verir ki, çox sağ ol, yemişəm, o da deyir ki, sənə yemək verən var? Şəmsi Bədəlbəyli izlədikdən sonra gəldi ki, tamaşadan əsər-əlamət görmədim, nə günə qoymusunuz?”.
Aktyor bildirib ki, sənətdən uzaqlaşmayıb:
“Sənətdən getməmişəm, teatr başqa yerə köçürüldü. Fərqli müdiriyyət verdilər. Aktyorlar onunla çalışmaq istəmədi. Beləcə də çıxıb getməyə başladılar. Mən də Opera və Balet teatrına dəvət aldım. İşimi orada davam etdirirdim. Ötən illəri ürək ağrısı ilə yad salıram. Gözümün önündən lent kimi keçir. Yaş öz sözünü deyir. Çox darıxıram. Səhnədə yüz ölçüb bir biçirdim. Səni tamaşaçı izləyir, incəsənəti təbliğ edirsən. Musiqili Dram Teatrında çalışmaq daha çətin idi. Birincisi, səsin, ikincisi aktyorluğun olmalı idi. Üçüncüsü, rəqs etməliydin”.