"Allah Aftandil müəllimə qəni-qəni rəhmət etsin. Mənim mənəvi atam idi. Deyirdi ki, mənim iki yox, üç qızım var. Çox təəssüf ki, Azərbaycan qızıl barmaqlarını itirdi. Müəllifi və aparıcısı olduğum "Bakı vaxtı ilə" verilişinin hər mövsüm ilk bölümünü Aftandil müəllimə həsr edirdim. Onunla verilişlərimiz o qədər maraqlı keçirdi, o qədər gizlin qalan mövzuları danışırdı ki.. Hər dəfə də verilişlərimə böyük həvəslə gəlirdi. Sənəti nə qədər uca, zirvədə idisə, bir o qədər də sadə insan idi. O mənim üçün bir musiqi bəstələyib. İyul ayının ortalarında mən həmin əsəri vokalist ifası ilə Xoreoqrafiya Akademiyasındakı tələbələrimlə birgə təqdim edəcəm. Vokalisti özüm ifa edəcəm, həm də klipdə özüm rəqs edəcəm. Aftandil müəllim həyatda olsaydı inanıram ki, özü də mənə dəstək olardı"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra mahnının yaranma tarixindən danışıb.
"Aftandil müəllim bu illər ərzində bir çox məşhur sənətkarlarımızla çalışıb. Onların içində bizim dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarova da olub. Bir çox qadınların adına mahnı bəstələyib. Amma sənətdə olan heç bir qadının adına, məhz ona mahnı həsr etməyib. Mahnını bəstələyəndə dedi ki, adını Roza qoyaq. Dedim ki, Roza İtalyan mənşəli addır. Təklif etdim ki, bəlkə onu bir az milliləşdirək? Dedi ki, onda olsun Qızılgül. Amma 44 günlük müharibəmiz araya girdi. Dedim ki, bəlkə bu musiqini "Xarıbülbül" adlandıraq? Dedi ki, mahnı sənindir, ürəyin necə istəyir elə də et. Yəqin ki, bu musiqi-rəqsi "Qızıl Xarıbülbül" adlandıraram" deyə sənətçi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun