"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onunla yaşamışam. Mənim həyatım İranə ilə rastlaşandan başlayıb. Tale bizi birləşdirib. Amma mənə elə gəlir ki, bizim birləşməyimiz lap əvvəldən, biz anadan olmazdan öncə olub. Gözləyirdik o anı ki, biz bir yerdə olacağıq. Mən onu axtarana qədər nəiləsə məşğul olub, eləcə də o məni axtarana qədər mən. Bəlkə də fərqli-fərqli dalanlardan, küçələrdən keçmişik ki, bir gün bir-birimizi görəcəyik və həyatımızı birləşdirəcəyik".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadə haqqında "Retro Baku" layihəsində söyləyib.
"Ürəyi çox geniş biri idi. Pandemiya vaxtı ova çıxmışdı. Kimin evində çörəyi, çayı, nəyisə yox idi, baxırdı. Deyirdi, Firdovsi, tez ol, filan yerə bu şey getməlidir. Müharibə vaxtı qruplar var idi, filan yerə nələr getməli idi. İranə orada birinci idi. Nə qədər küçə it və pişiklərini klinikalarda müalicə elətdirmişik. O demək olar gəzə bilmirdi. Ona görə gizlin yerdə istirahət edirdik. Orada 2 ay 10 gün qaldıq. Oradakı pişiklər artıq eyvanımızda yaşayırdılar. Biz köçəndə dedi ki, pişikləri burada qoymayacağam. Adamlar var ki, aylıq ödəniş müqabilində onlara baxırlar. İndiyə qədər də mən və oğlum, hər ayın 16-sı həmin o insana ödəniş edirik. Heç o pişiklər bizi tanımır. Sadəcə İranənin xətrinə indi də o pişiklər həmin o evdə rahat yaşayırlar.
Allah tərəfindən bizə pandemiya bəxşiş idi ki, iki il ərzində evdən çıxmırdıq, birlikdə olurduq. Pandemiyada kimsə əlinə qələm alıb boşanma haqqında ərizə yazırdı, mən isə İranəyə sevgi şeirləri. Artıq xəstəlik vaxtı, 2 il onun yanından heç yana getmədim. İstəyirdim hər dəqiqəm onunla olsun. Fikirləşirdim ki, əlimizdə nə qədər vaxt qalıbsa, birlikdə olaq ki, heç olmasa gözüm doymasa da, ürəyimi ovudum. O mənə deyirdi ki, hər şeyi mənə görə qurban verir, imtina edirsən. Söyləyirdim ki, bəs sən mənə xoşbəxtlik verəndə bunu niyə demirdin? Onda yaxşı idi, amma gedib indi başqa işlə məşğul olmalıyam?
İndi ikimizin yerinə yaşayıram. Oğlumuzu ikimizin yerinə sevirəm. Tez-tez bir-birimizə "Səni sevirəm" deyirdik. Gedirdim-gəlirdim, adi söhbətdə bunu ona deyirdim. Gündə 50-60 dəfə bu cümlə evimizdə səslənirdi. Hətta o, əsəbiləşəndə də "Mən də səni sevirəm" deyirdim. Bu, onun ürəyini yumşaldırdı. Allaha təşəkkür edirəm ki, bu sevgini mənə yaşamağa imkan verdi. İranə mənim və oğlumun mələyidir" deyə, F.Atakişiyev bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun