Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
OLAY yazır ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Həmçinin layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə ediləcək.
Qanun on iki ay sonra qüvvəyə minəcək.
















