“Klipi iki həftə əvvəl montaj prosesində görmüşəm. Amma tam hazır formasını ilk dəfə sizinlə izlədim”.
OLAY yazır ki, bu sözləri instaqramda canlı yayım zamanı Nəsimi Məmmədovla duet mahnıları “Bilən olmasın”a çəkilən klip haqqında Xalq artisti Röya Ayxan deyib. Estrada ulduzu ekran işinin çəkiliş prosesindən danışıb:
“İlk dəfədir ki, öz klipimdə uşağım var, ailəli roldayam. Tezdən 6 tamamda çəkiliş meydançasında idik. Səhərə yaxın saat 4-dən hazırlaşdıq. O gün güclü külək var idi. Altıdan 1-ə qədər bizim övladımızı oynayan qızımızla olan səhnəni çəkdik. Sonra şəhərə gəldik, gözəl bir evdə klipin davamını lentə aldıq. Süjet belədir ki, çox xoşbəxtdirlər. Bir yerdə olmaq istəyirlər və uzaqlara gedirlər. Əminəm ki, belə sevənlər var. Rejissor Orçun Mutlu klip üçün öz komandası ilə Bakıya gəldi. Bu aralar Türkiyədən rejissorları dəvət edirəm, çünki uçmaq, harasa getmək “mood”unda deyiləm. Dedim, eybi yox. Baxmayaraq ki, belə daha ağır olacaq. Onların gəlişi, qarşılanması və sairə”.
Xalq artisti həmçinin N. Məmmədovla duetlərinin ərsəyə gəlməsindən söz açıb:
“Studiyada idik. Kənan (Prodüser Kənan Bayramov – oxu) mahnı göndərdi. Dedi, Nəsimi deyir ki, Röya xanım burada bir balaca ifa edərmi? Dinləmədən dedim, gözüm üstə. Çünki Nəsimini çox bəyənirəm. Çox aristokrat, ağıllı və tərbiyəli insandır. Həmişə duet ortaqlarımın kişisayağı olmaqlarını sevmişəm. Mahnını studiyaya göndərdilər. O bir balaca hissə duetə çevrildi. Əminəm ki, qəşəng də alındı. Bəyəndim də...”.