Türkiyə televiziyasının yadda qalan seriallarından olan "Yaprak Dökümü" ilə bağlı nostalji anlar yaşanıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialda Ali Rıza Bey obrazını canlandıran Halil Ergün çəkilişlərin aparıldığı malikanəni 16 il sonra yenidən ziyarət edib. Aktyoru bu səfərdə fotoqraf və kontent istehsalçısı Murad Salahlı müşayiət edib.
İllər sonra baş tutan görüş və malikanədən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Kadrların paylaşılmasından sonra serialın məşhur səhnələri və Ali Rıza Bey obrazı yenidən gündəmə gəlib.
Serialda Tekin ailəsinin yaşadığı məkan kimi təqdim olunan taxta malikanə "Yaprak Dökümü"nün ən çox xatırlanan çəkiliş ünvanlarından biri olub.
Murad Salahlı bildirib ki, ziyarət zamanı Halil Ergün serialın çəkiliş illəri ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, görüş həm duyğusal, həm də xoş anlarla yadda qalıb.
Salahlı qeyd edib ki, həmin məkana illər sonra qayıtmaq keçmişin xatirələrini yenidən canlandırıb. Aktyorun danışdıqları sayəsində Ali Rıza Tekin obrazı və serialın çəkiliş dövrü bir daha yada düşüb.
Halil Ergünün 16 ildən sonra "Yaprak Dökümü" atmosferinə qayıtması serialın pərəstişkarları üçün də xüsusi nostalji yaşadıb. Ekran işi illər keçməsinə baxmayaraq, aktyorları, süjeti və çəkiliş məkanları ilə tamaşaçıların yaddaşında qalmaqda davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















