“Bir neçə gündür ki, qadın və kişi bərabərliyi, kimin güclü, kimin ağıllı və kimin daha üstün olması mövzusu ölkə gündəmini zəbt edib. Qadınlar özlərini, kişilər də özlərini üstün hesab edirlər”.
OLAY yazır ki, bu sözləri instaqramda “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva yazıb. İş xanımı son günlər davam edən müzakirəyə fikir bildirib:
“Mən düşünürəm ki, bu fərdi məsələdir. Təbii ki, ümumi götürdükdə, kişilər fiziki cəhətdən daha güclüdür. Hesab edək ki, bu təbiətin yaradılışıdır. Hamı da bunu qəbul etməlidir. Amma zehni, intellektual və ağıl cəhətdən bunu kişilərin xeyrinə birmənalı söyləmək olmaz. Haradasa, bu istiqamətdə də kişilərin azacıq üstünlüyü varsa, bu da sırf beyin çəkisinin artıq, ölçüsünün isə kişilərin xeyrinə daha böyük olması ilə bağlıdır. Amma mənəvi dözümlük, işgüzarlıq və digər amillər var ki, bu da qadınların xeyrinə yozula bilər. Allahın qadına verdiyi üstünlüklər də kişilərdə yoxdur və ya əksinə. Bu cür mübahisələr həmişə olub və olacaq da. Bu ayrıseçkiliyə adət-ənənə, din və əxlaq da öz təsirini göstərir. Əsas məsələ kimin güclü olmağında deyil, kimin daha yaxşı olmağındadır. Əsl insan olmaq üçünsə, cinsin heç bir fərqi yoxdur”.