28 yaşlı Paris Cekson uşaqlığı ilə bağlı, atası Maykl Ceksonun hələ sağ olduğu dövrdən qalan nadir xatirələrini bölüşüb.
O, “Call Her Daddy” podkastında vaxtilə Maykl Ceksonun mübahisəli “Neverland” malikanəsindən də danışıb.
Parisin sözlərinə görə, o, daim malikanədə yaşamayıb, baxmayaraq ki, həyatının ilk illərini orada keçirib. Məşhur əyləncə attraksionları isə əslində onun və qardaşlarının istifadəsi üçün nəzərdə tutulmayıb. Onlar maddi imkanı olmayan ailələrin uşaqları və Disneylendə gedə bilməyən ağır xəstə uşaqlar üçün açılıb.
Paris və qardaşlarının gündəlik həyatı ciddi qaydalarla tənzimlənirdi. “Bizə çox aydın şəkildə başa salmışdılar ki, oradakı bütün əyləncələr bizim üçün deyil... Eyni şey televizora da aid idi. Dərs çərçivəsində film və ya televiziya materiallarını öyrənmirdiksə, televizora baxmağımıza və film izləməyimizə icazə verilmirdi. Həftəsonları isə yalnız etməli olduğumuz bütün işləri bitirdikdən sonra televizora baxa bilərdik” deyə Paris bildirib.


















