Avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu vəfat edib.
OLAY yazır ki, bununla bağlı iş adamı Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edib:
“Sea Breeze akvaparkının ərazisində baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.
Şəxsən öz adımdan və bütün Sea Breeze komandasının adından ailəyə dərin və səmimi hüznlə başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək söz yoxdur.
Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın hovuzun texniki zonasına — qoruyucu baryerlərin arxasında su nasoslarının işlədiyi hissəyə necə düşdüyünü müəyyənləşdirən istintaq aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli kömək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi Sea Breeze üçün hər zaman mütləq prioritet və öhdəlik olub, bundan sonra da belə qalacaq. Kurortun bütün zonaları və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş vermiş hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
Sea Breeze komandası və şəxsən mən ailəyə lazım olan bütün dəstəyi və yardımı göstərəcəyik”.
















