Britaniyalı aktyor və komediyaçı Riki Gervays 44 ildir birlikdə olduğu yazıçı Ceyn Fellonla evlənməyi düşündüyünü açıqlayıb. Uzun illər evliliyə ehtiyac olmadığını düşünən Gervays qərarının əsas səbəbinin romantika deyil, vergi güzəştləri olduğunu bildirib.
Milli.Az xəbər verir ki, təxminən 141 milyon funt-sterlinq (təxminən 326 milyon manat) sərvətə sahib olan 65 yaşlı komediyaçı "Saga" jurnalına müsahibəsində Fellonla evlənmək ehtimalı barədə danışıb.
"Bəli. Evlənməyimin səbəbi də bu olacaq", - deyə Gervays miras vergisi ilə bağlı güzəştləri nəzərdə tutaraq bildirib.
"Əgər vergilər olmasaydı... niyə evlənərdik?", - o əlavə edib.
"Ofis" serialının yaradıcısı və ulduzu olan Gervays uzun müddət evliliyin onun üçün heç bir əhəmiyyət daşımadığını deyib. Buna baxmayaraq, 1982-ci ildən birlikdə olduğu Fellonla münasibətlərinin bir çox rəsmi nikahdan daha uzun sürdüyünü vurğulayıb.
"Bütün pullarımızı bölüşürük, 40 ildir birlikdə yaşayırıq. Bəzi evliliklər hətta bir il belə davam etmir", - deyə komediyaçı bildirib.
"Ölməzdən əvvəl bu evlilik məsələsini həll etməliyəm", - Gervays zarafatla deyib.
Riki Gervays və Ceyn Fellon 1982-ci ildə London Universitet Kollecində tələbə olarkən tanış olublar. Cütlük 44 il ərzində birlikdə olsa da, evlənməməyi və uşaq sahibi olmamağı seçib.
Fallon da daha əvvəl evliliyə və toya heç vaxt xüsusi maraq göstərmədiyini söyləyib.
"Kiçik qızların toy günləri və gəlinlikləri haqqında xəyal qurduğu bir klişe var. Məndə bunlardan heç biri yox idi", - deyə yazıçı bildirib.
Ceyn Fallon mart ayında adi mammoqrafiya zamanı ona döş xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. Yazıçı iki əməliyyat keçirib və müalicəsinin uğurlu olduğunu bildirib./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
O, normal həyatına qayıtmağı səbirsizliklə gözlədiyini deyib.

















