"Bilirsiniz ki, martın 10-da Milli Teatr günündə yubileyim doğma teatrımda qeyd olundu. Doğum günlərimi qeyd etməyi sevmirəm. Amma sağ olsun tanıdığım, tanımadığım insanlar. Sosial şəbəkələrdən tanımadığım insanlar tərəfindən ünvanıma gözəl sözlər eşidirəm. Bu məni yaşadır. Ona görə də həmişə deyirəm ki, mənim sevgilim sənətimdir. Çünki bu sənət məni xalqa, insanlara sevdirib, hörmət sahibi edib. Sağ olsun Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kollektivi mənə ad günü sürprizi etdilər. Onların hər birini bağrıma basıram. Ad günü keçirmək istəmirdim. Bir də "Xəzər" televiziyasında yayımlanan "Qonaqcanlı" verilişində doğum günüm qeyd olundu. Mənim üçün bayram bayrama qarışdı. Başda Murad Dadaşov olmaqla telekanalın bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Məni diqqətdə saxlayan insanların hər birinə dərin minnətdarlığımı bildirirəm. Nə gözəl ki, mən aktrisa oldum. Çünki məni yaşadan xalqdır, insanların sevgisidir. Özümə can sağlığı arzu edirəm. Canın sağ olsa, hər şeyə nail ola bilərsən. Bir də gözəl rollar və nəvə arzulayıram".
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib:
"Hər zaman tamaşaçılar mənə sual verirlər, yeni-yeni rollar istəyirlər. Deyirlər ki, darıxmışıq, sizi yeni filmlərdə, tamaşalarda görmək istəyirik. Ömür gedir, gün gedir. Mənim arzum odur ki, incəsənətdə özümdən sonra gözəl-gözəl rollar qoyub gedim. Bizim nəsil itirilmiş bir nəsil oldu. Ona görə də istədiyim rolları oynaya bilmədim. Gənclik illərimiz müharibə dövrünə düşdü. O vaxt teatrımız təmirə bağlandı, orada-burada qastrollara gedirdik. İndi arzu edirəm ki, ürəyimdən keçən rolları oynayım. Həyatı bilmək olmur.. Sabah bizi nə gözləyirsə bunu da bilmirik. Sanki tələsirəm. Çox qəribədir. Bir də insanlara sağ ikən qiymət verilməlidir. Dünyasını dəyişəndən sonra min söz de eşitməyəcək. Amma sağ ikən deyəndə o qanad açıb uçur, sevinir.. Bir aktrisa kimi sənətimi çox sevirəm. Mən sənətimə bağlı bir insanam. Elə hiss edirəm ki, bu sənətlə dünyaya gəlmişəm, doğulmuşam. Günü-gündən daha da bağlanıram bu sənətə. İnsanların sevgisini, hörmətini görəndə, görəndə ki, unudulmamışam mən daha da ilhamlanıram" deyə xalq artisti bildirib.
Naibə Allahverdiyeva "Hansı günlərinizin qədrini bilmədiniz?" sualına belə cavab verib.
"Həyatım, uşaqlığım, gəncliyim o qədər də xoş günlərlə dolu olmayıb. Enişli-yoxuşlu yollar çox olduğundan hər günümün, hər dəqiqəmin qədrini bilirəm. Bir az sağlamlığımın qədrini bilmədim. O da ola bilsin özümdən asılı olmadı. Allahın mənə bəxş etdiyi hər bir gün mənim üçün dəyərlidir. Hər günümə şükür edirəm. Çünki bu həyat çox qısadır. Onun dəyərini bilmək lazımdır. Əgər sən yaşadığın həyata dəyər vermirsənsə o çox maraqsız olacaq. Ən böyük dəyər budur ki, sən insanlara sevgi bəxş edə biləsən", - deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun