Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər

Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər

Bu il Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.

OLAY yazır ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avqustun 25-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

- 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, yarış ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Mənbə: olay.az