Baku Fashion Week-in ikinci mövsümünün ikinci günü - FOTOlar

Baku Fashion Week-in ikinci mövsümünün ikinci günü - FOTOlar

Baku Crystal Hall-un mətbuat mərkəzində Baku Fashion Week 2024-ün ikinci gününün şousu baş tutub.

Bakı Moda Həftəsinin ikinci mövsümünün şousunun ikinci gününü Türkiyədən xüsusi dəvət olunmuş, geyimləri uzun müddət Türkiyə şou-biznesinin və kinosunun ən görkəmli nümayəndələri tərəfindən sevilən məşhur dizayner Emre Erdemoğlu açıb. Onun 2024/25 payız-qış mövsümü üçün "Bağ" yeni kişi kolleksiyası hərbi üslubdan ilhamlanıb, lakin bu, klişe kamuflaj çapı ilə deyil, daha çox təntənəli hərbi formalardan götürülmüş kəsimlə ifadə olunub. Dəri detalların bolluğu ilə seçilən kolleksiyada üst geyimlər - paltolar, oversize-gödəkçələr və döşəməyə qədər uzanan trençlər - xüsusilə uğurlu görünürdü.

Daha sonra podium bu mövsüm bütün yerli iştirakçılar arasında ən çox təcrübəyə malik olan məşhur azərbaycanlı dizayner Zümrüd Mirzəliyevaya təqdim olunub. 25 ildir ki, moda sənayesində aktiv olmasına baxmayaraq, bu son kolleksiyası onun hələ də trenddə olduğunu və bu gün dəbdə olanlarla illər ərzində formalaşan öz üslubu arasında asanlıqla manevr edə biləcəyini açıq şəkildə nümayiş etdirdi.

Azərbaycan brendi Aya Rzali bej rənginin bütün çalarlarının üstünlük təşkil etdiyi qadın kolleksiyasını nümayiş etdirib. Brend müxtəlif teksturalı materialları uğurla birləşdirə bildi və nəticədə alınan obrazlar yüngül və havadar oldu.

Qısa fasilədən sonra bütün BFW-in qonaqları iki debütlə qarşılaşdılar. İlk olaraq iki hissəyə bölünərək podiumda Ruh brendinin kolleksiyası nümayiş etdirilib. Əgər əvvəlcə tamaşaçılara maraqlı dizaynlı, həndəsi formalı, lakin eyni zamanda qadınlıqdan məhrum olmayan monoxrom geyimlər təqdim olunurdusa, şounun ikinci hissəsində dizayner Elvin Əliyev futuristik qara rəngdə və bol dəri detalları olan paltarları nümayiş etdirib. Modellərin makiyajı da seçilmiş əhval-ruhiyyəni vurğulayıb, sanki bütün tamaşaçıları "Mad Max" filmindən hərəkət səhnəsinə aparırdı.

Şounun ikinci gününü debüt kolleksiyasını təqdim edən başqa bir yerli brend - 21 avqust - bağladı. Və yenə də nadir istisnalarla kolleksiyada üstünlük təşkil edən əsas rəng kimi qara seçildi. Korsetlər xüsusilə maraqlı və yalnız gözəl xanımlarda deyil, həm də kişi cinsi nümayəndələrində də görünürdü. Gücləndirilmiş çiyin xətti bütün kolleksiyaya maskulin əhval-ruhiyyəsi bəxş etdi və markanın loqotipi şəklində kəmər tokaları brendin bu texnikadan tez-tez istifadə edən artıq məşhur dünya evləri ilə rəqabət aparmaq niyyətində olduğunu açıq şəkildə göstərirdi.

Şounun ikinci günü Yolo by FOMO gizli barında keçirilən özəl afterparty ilə başa çatdı. Həftənin xarici qonaqları və komanda ikinci mövsümün yarıya çatmasını hərarətli DJ seti ilə qeyd etdilər.

Baku Fashion Week ModePoint və Stock tərəfindən təşkil olunur. ModePoint ölkəmizdə moda sənayesinin inkişafına dəstək olmaq, həm Azərbaycan daxilində, həm də xaricdə moda tədbirlərinin təşkili məqsədilə yaradılmış layihədir. Öz növbəsində, Stock 100-dən çox Azərbaycan brendini birləşdirən ilk geniş moda platforması rolunu oynayan konseptual mağazadır. Stock-un əsas məqsədi yerli moda sənayesinin inkişafını təşviq etmək, gənc dizaynerləri dəstəkləmək və yerli brendləri qlobal səviyyəyə çatdırmaqdır.

Bakı Moda Həftəsinin ikinci mövsümü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azerbaijan Tourism Board dəstəyi ilə keçirilir. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World