Amerikalı kantri müğənnisi, aktrisa və xeyriyyəçi Dolli Parton 80 yaşında vəfat edib.
Milli.Az report-a istinadən xəbər verir ki, onun ölümünü bacısı oğlu Brayan Siver "Instaqram" sosial şəbəkəsində açıqlayıb.
"Bu anın ağırlığını təsəvvür edirdim, amma həqiqətən də onu indiyədək hiss etməmişdim... Bu, şərəfdir, mütləq qürur və böyük kədər hissi ilə qarışıq bir şərəf", - deyə o yazıb.
Nəşr yazır ki, o, o qədər istedadlı idi ki, XX əsrin ən möhtəşəm mahnılarından ikisi - "Jolene" və "I Will Always Love You"nu bir gündə yazıb. "Parton mahnı müəllifi kimi canlı hekayəçilik, emosional dəqiqlik və melodik gücü ilə seçilirdi və bütün bunları təsirli aydınlıqla ifa edirdi", - məqalədə qeyd olunur.
Dolli Rebeka Parton 19 yanvar 1946-cı ildə ABŞ-ın Tennessi ştatının Pitman Center şəhərində anadan olub. O, mindən çox mahnı yazıb, müəllifi olduğu 25 sinql ABŞ kantri hit-paradında birinci yeri tutub, 47 albomu isə ən yaxşı kantri albomlarının ilk onluğuna daxil olub.
Vətənində öz janrının ən uğurlu müğənnilərindən biri kimi tanınan Partona "kantri kraliçası" titulu verilib.
D. Parton dünya üzrə 100 milyondan çox musiqi yazısı satıb ki, bu da onu bütün zamanların ən çox albom satan musiqi ifaçılarından birinə çevirir. O, "EGOT" mükafatlarının ("Emmi", "Qremmi", "Oskar" və "Toni") hər biri üzrə ən azı bir nominasiya əldə edən azsaylı ifaçılardan biridir.
O, 11 "Qremmi" mükafatının və Jan Herşolt adına Humanitar Mükafatın (2026) laureatıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















