Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında bacısı Xalq artisti Şahnaz Haşımova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi bacısı ilə fotolarını izləyiciləriylə bölüşərək bu sözləri yazıb:
“Ağlım kəsəndən, o, belə idi. Zərif, az danışan, çox az gülən, ağır xasiyyətli, hər dediyində kimsə ona nə söz deyə bilərdi, nə də ki, cavab ala bilərdi. Çox vaxt susub keçməyi ilə cavab verərdi. Otağına qapılıb saatlarca öz sevdiyi sənətinin üzərində çalışan, hətta çay, su, yeməyi belə yadından çıxarardı. Yaxşı ki, anam özü aparıb süfrəsinə qoyardı. Ondan yaxşı qiymət almaq çox çətin idi. Həyatımıza gələn insanlara qədər müdaxilə edib, o adamdan uzaq dur dediyində, ürəyimdə “Axı Şahnaz bunların nəyini bəyənmir. Heç onları tanımır belə. Amma deyir, uzaq dur” deyərdim. Məni çox, əsl, doğru, inandıqlarımdan, həqiqət bildiklərimdən uzaq tuttdu. Zamanında hətta ürəyimdə ondan küsdüm. Axı niyə belə edir dedim. Hətta ifaçı olmağımı da istəmirdi.
Bakıya gəlməyimə də çox kəskin fikirlərini söyləmişdi. Bir sözlə, qarşıma çox olmazlar, sədlər çəkmişdi. Sən demə, hər yaşın öz anlama, dərk etməsi, hətta ömür boyu imtahanlar qarşısında qalmaları var imiş. Sən demə, taleyimizin xəritəsini cızan çox insanların, yalnış arzu, istəyimizin, ömrümüzə aldıqlarımızın həyatımızda olmaması lazım imiş. Mən səni xoşbəxt görmək istəyirdim söyləmişdi mənə. Mən sənin əziyyətlər çəkməyini istəmirdim. Qayğısız həyatını, səni təmənnasız sevənləri, həqiqiləri, həyatın ən gözəli nədirsə onlar qismətin olmalı idi. Sənə bunları arzu edirdim dedi. İndi mən deyirəm sənə, bacım. Nə dedinsə, hamısı düz imiş. Məni sənin qədər sevən yox imiş. Atalar onu düz deyib. Ağladanın yanında otur, güldürənin yox. Yaxşı ki, bu qədər əzabımın mükafatı balam oldu! Aynim (red. – qızı Aynişan Quliyeva) olmasaydı, sənin öz canın, öz qanın olan Aybənizdən əsər qoymazdılar qala. Onun varlığı məni böyüməyə, yaşamağa, yaşatmağa güc verdi. O körpə əllərindən tutub dedim ki, yaşa, Aybəniz, yaşa ki, səni anandan çox sevən bacın Şahnaz da yaşasın! Şahnaz mənim hər iki cahanda ən böyük istəklimin biridir! Onu Allah qorusun! Onun həmişə səsi gəlsin. Allah onu bəşəriyyətə çox görməsin! Çünki o, göyün yer üzünə göndərdiyidir. O, yer adamı deyil. O, ilahidən gələn səsdir, təkdir! O səsdən bir də doğulmayacaq. Ömrün əbədi olsun, bacım! Dünyanı sevindirdiyin günün mübarək!”.