Məhkəmə Flora Kərimova və Afət Fərmanqızını barışığa dəvət edib
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Milli.Az-ın məlumatına görə Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib. Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb.
Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.
A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib. Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib.
Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini vurğulayıb.
Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Milli.Az